Ağasəlim İbrahim oğlu Atakişiyev — həyatı və yaradıcılığı

Şrift
Ağasəlim İbrahim oğlu Atakişiyev — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağasəlim İbrahim oğlu Atakişiyev — həyatı və yaradıcılığı.

Ağasəlim İbrahim oğlu Atakişiyev 1903-cü ildə Bakı şəhərində doğulub. 15 yaşından işləməyə başlayıb. 1921-ci ildən Ümumrusiya Fövqəladə Komissiyası-Birləşmiş Təhlükəsizlik İdarəsi orqanlarında işləyib.

A. Atakişiyev 1931-ci ildə Ümumittifaq Kommunist (b) Partiyasına üzv olub. 1934-cü ildən dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə çalışıb.

1941-ci ildə Azərbaycan SSR Daxili işlər xalq komissarının milis işləri üzrə müavini vəzifəsinə təyin edilib. O, bu vəzifədə işləyərkən milis orqanlarının bütün fəaliyyətini hərbi dövrün tələblərinə tabe etmək, Azərbaycanın şəhər və kəndlərində inqilabi qayda-qanunu təmin etmək sahəsində işlər görüb. 1943-cü ilin may ayından 1944-cü ilin iyun ayına qədər Azərbaycan SSR Dövlət Təhlükəsizliyi xalq komissarının birinci müavini olub.

1945-ci ildə ona general-mayor rütbəsi verilib. Bir müddət konsul adı altinda SSRİ "NKVD"-nin İrandakı rezidenti olub, Cənubi Azərbaycan məsələsi ilə məşğul olub. 1946-1950-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik nazirinin müavini, 27 may 1950-26 mart 1953-cü illərdə Azərbaycan SSR Daxili işlər naziri vəzifəsində çalışıb.

Azərbaycan K(b)P Mərkəzi Komitəsi bürosunun üzvi seçilib. SSRİ ikinci çağırış Ali Sovetinin deputatı olub. Dövlət qarşısında xidmətlərinə görə "Lenin ordeni", "Qırmızı Bayraq" ordeni, iki dəfə I dərəcəli Vətən müharibəsi ordeni, "Şərəf nişanı" ordeni, "Əmək igidliyinə görə", "Qafqazın müdafiəsi üçün" və "Almaniya üzərində qələbə üçün" medalları ilə təltif edilib.

1954-cü ilin mayında tutduğu vəzifədən azad edilib, həmin ilin iyununda diskreditasiya faktlarına görə DİN sistemindən xaric olunub. 1955-ci ilin noyabrında həbs edilib, 1956-cı il mayında "Bağırov işinə" görə gedən prosesdə SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının səyyar sessiyası tərəfindən sosialist qanunvericiliyini pozduğuna görə, cəzasını islah-əmək düşərgəsində çəkməklə 25 il azadlıqdan məhrum edilib. 1969-cu ildə vaxtından əvvəl şərti olaraq azad edilib.

Onun həbsdən azad olunmasında Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovun çox böyük rolu olub. 1970-ci ildə Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗