Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İskəndər bəy Rüstəm bəy oğlu Sultanov 25 may, 1897-ci ildə Yelizavetpol quberniyasının Zə….
İskəndər bəy Rüstəm bəy oğlu Sultanov 25 may, 1897-ci ildə Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, Kürdhacı kəndində doğulub. O, azərbaycanlı mühəndis, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biridir. 1916-cı ildə Bakı Kommersiya Məktəbini bitirib, Şuşa Qəza Polis İdarəsində işləyib.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilib. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında Sultanovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi. İskəndər bəy Azərbaycan Xalq Cümhuriyyəti ordusunda erməni istilaçılarına qarşı vuruşub.
Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun 1919-cu il 14 iyul tarixli teleqramında yazılır: "Cənab hərb naziri Zati-alilərinə! Qarabağın xalq milisi sıralarında Moskva İnstitutunun tələbələri İskəndər bəy Sultanov və keçmiş Qarabağ süvari alayının əsgəri Xankişi Nuru oğlu xidmət edirlər. Onlardan birinə – ləzgi alayı ilə birlikdə bolşeviklərə qarşı döyüşlərdə iştirak etmiş Sultanova Türk hərbi ordeni "Məcidiyyə", ikincisinə – Xankişi Nuru oğluna axırıncı müharibənin (Birinci Dünya müharibəsi nəzərdə tutulur) Georgi Kavaleri ordeni verilmişdir.
Axırıncı Qarabağ hadisələri (1918-ci il nəzərdə tutulur) zamanı onlar böyük bacarıq və şücaət göstərmişlər. Bu haqda Siz Zati-alilərinə məlumat verərək xahiş edirəm ki, Siz onların birinci zabit rütbəsinə təqdim olunmaları haqqında sərəncam verəsiniz". Qeyd edək ki, İskəndər bəy 1935-ci ildə Almaniyadan qayıtmışdı.
Həmin il tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 1942-ci ildə Özbəkistanda, Buxara vilayətində, Zərəfşan şəhərində vəfat edib…
