Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Leyla Abbasəli qızı Babazadə — həyatı və yaradıcılığı.
Leyla Abbasəli qızı Babazadə 1905-ci ildə Gəncədə yoxsul bir ailədə doğulub. 1923-cü ildə-18 yaşı olarkən, ərini itirdikdən sonra Bakıya gəlib. Qardaşı Ələkbərin təsiri və təkidi ilə 1925-ci ildə Əli Bayramov adına Qadın Klubunun savad artırma kursuna daxil olub.
Bir qədər sonra klubun nəzdindəki fabrik-zavod şagirdliyi məktəbinə daxil olaraq 2 il sonra buranı bitirib və tikiş fabrikinin işçisi olub. 1930-cu ildə Leyla Babazadə ÜİK(b)P (Sov. İKP) üzvlüyünə qəbul edilib.
Bundan sonra o, 6 aylıq həmkarlar kursunu bitirərək Azərbaycan Tikiş Sənayesi Trestinin fabrik-zavod şagirdliyi məktəbində təlimatçı işləyib, sonra Xızı rayonunda qadınlar arasında kütləvi təlim-tərbiyə işlərinə rəhbərlik etməyə göndərilib. O, burada Azərbaycan Kommunist Partiyası Xızı Rayon Komitəsinin qadınlar sektorunun müdiri vəzifəsində çalışıb. Xızı rayonundan Bakıya qayıdaraq Azərbaycan Mərkəzi Sovet Partiya Məktəbində oxuyub, Volodarski adına tikiş fabrikində həmkarlar işinə rəhbərlik edib, istehsalatda təlimatçı köməkçisi işləyib.
1937-ci ilin oktyabr ayında Tikiş Sənayesi İşçiləri İttifaqının Azərbaycan Konfederasiyası Leyla Babazadəni Azərbaycan Tikişçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri seçib. SSRİ-nin cənub rayonları tikişçiləri ittifaqlarının Xarkovdakı qurultayında Leyla Babazadə ittifaqın mərkəzi komitəsinin heyətinə üzv seçilib. O, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsi bürosunun və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub.
1937-ci il dekabrın 12-də SSRİ Ali Sovetinin 1-ci çağırış deputatı seçilib. Leyla Babazadə 1938-ci ildə Azərbaycan SSR xalq təminat komissarı təyin edilmiş, 1942-ci ilin yanvar ayınadək bu vəzifədə işləyib. Qeyd edək ki, 1946-cı ildən etibarən SSRİ-də komissar vəzifəsi nazir adı ilə əvəz edilib…
