Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Cabbar Məmmədzadə 20 yanvar, 1882-ci ildə, İrəvan şəhərində, camaat arasında "Fars….
Mirzə Cabbar Məmmədzadə 20 yanvar, 1882-ci ildə, İrəvan şəhərində, camaat arasında "Fars Abbas" ləqəbi ilə məşhur olan xalq müəllimi Mirzə Abbasın ailəsində doğulub. Əvvəl ev təhsili alıb, sonra isə İrəvan Müəllimlər Seminariyasında oxuyub. 1902-ci ildə seminariyanı bitirəndən sonra həmin seminariyaya ekstern imtahan verir və müəllimlik şəhadətnaməsi alır. O, 1902-ci ilin sentyabrından Nehrəm məktəbində müəllim işləyib.
1903-cü ildə Qəmərli məktəbinə, 1904-cü ildə İmanşalı məktəbinə dərs deməyə gedib. 1905-ci ildən 1906-cı ilin sentyabrın 1-nə qədər Qəmərli məktəbinin nəzarətçisi olub. 19 yanvar 1913-cü ilə qədər İrəvan Müəllimlər Seminariyasında Azərbaycan dili müəllimi işləyib.
Bəzi mənbələrə görə isə 1910–1918-ci illərdə seminariyada müəllim kimi çalışıb. 1906-cı il, sentyabrın 1-də İbadulla bəy Muğanlinskinin İrəvanda açdığı şəxsi hazırlıq məktəbinə rus dili və riyaziyyat müəllimi kimi dəvət edilib. Birinci Dünya Müharibəsi dövründə Rusiya hökuməti İrəvan seminariyasını sərhəd şəhəri olan İrəvandan Armavirə köçürür.
Mirzə Cabbar Məmmədzadə də 2 fevral 1915-ci ildən 1916-cı ilin mayına kimi burada dərs deyib. Bu illərdə onun tərtib etdiyi üç kitab nəşr olunur. Mirzə Cabbar Məmmədzadə 1918-ci ildə daşnaklar hakimiyyətə gəldikdən sonra İrəvan gimnaziyası və müəllimlər seminariyası bağlandığına görə ailəsi ilə birgə Naxçıvana köçür.
Buradakı ali ibtidai məktəbdə rus, türk və Azərbaycan dillərindən dərs deyir. O, həmin dövrdə Naxçıvanın daşnaklardan müdafiəsi ilə bağlı keçirilən əməliyyatlarda da iştirak edir. 1920-ci ildə Ermənistan bolşeviklər tərəfindən işğal edildikdən sonra Mirzə Cabbar İrəvana qayıdır.
Həmin ilin axırında ailəsi ilə bərabər İrəvandan Bakıya köçərək burada Azərbaycan Dövlət Universitetində, Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Kooperativ İnstitutubda pedaqoji fəaliyyətini davam etdirir. Şeirlər yazmaqla yanaşı, dilçiliklə bağlı araşdırmalar aparıb, "Azərbaycan dilinin tədrisi metodikası" adlı vəsait də yazıb. 1920-ci illərdə tək və müştərək qaydada Azərbaycan və rus dillərində ibtidai və orta məktəblər üçün iyirmiyədək dərsliyin tərtibçi-müəllifi olub.
Azərbaycan Kooperativ İnstitutunda kafedra müdiri, dosent vəzifəsində çalışıb. 1935-ci ildə dil və ədəbiyyat üzrə elmlər namizədi, 1937-ci ildə isə elmlər doktoru, professor adına layiq görülür. O, Əsəd Şeyxzadə, Maqsud Məmmədov, akademiklər Mustafa Topçubaşov, Heydər Hüseynov, professor Əziz Əliyev və digər görkəmli şəxsiyyətlərin müəllimi olub. 1937-ci ilin oktyabr ayında özü və ailə üzvləri həbs olunub. 12493 nömrəli istintaq işi üzrə ittiham edilərək güllələnib.
Həyat yoldaşı və qızı isə sürgün edilib. 1957-ci ildə günahsız olması sübut edildikdən sonra ona bəraət verilib. ALLAH RƏHMƏT ELƏSİN!
