Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mahmud Əliyev — həyatı və yaradıcılığı.
Mahmud Əliyev 1908‐ci ildə Bakı şəhərində doğulub. 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirib, gənc həkim kimi əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilib. 1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışıb və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərib.
Cəbrayıl rayonunda 4 il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olub. 1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləyib. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan geri çağırılıb.
1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxuyub, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının Tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olub. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilib. 1938‐1943‐cü illərdə M. Əliyev Azərbaycan Tibb İnstitutunun direktoru işləyib.
M. Əliyev 1943‐1944‐cü illərdə Azərbaycan K(b)P MK‐nın ali və orta məktəblər şöbəsinə başçılıq edib və SSRİ Xalq xarici işlər komissarının müavini vəzifəsində işləyib. 1944‐cü il yanvarın 28‐dən fevralın 1‐dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının qəbul etdiyi qanunlara əsasən xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri daha da genişləndirmək və artırmaq məqsədilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil edilməyə başlandı.
Bu dövrdə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılır və onun ilk komissarı M. Əliyev təyin edilir. M.
Əliyev ömrünün son gününə kimi Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışıb. O, bu vəzifədə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi kimi bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradılmasında, beynəlxalq toplantı və müşavirələrdə SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak edib, lakin, bu illərdə Xarici İşlər Nazirliyi yalnız formal olaraq fəaliyyət göstərib, demək olar ki, real səlahiyyətləri olmayıb. M.
Əliyev Azərbaycan xarici işlər naziri olmaqla yanaşı, 1950‐1953‐cü illərdə Azərbaycan SSR səhiyyə naziri, 1953‐1958‐ci illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olub. O, Azərbaycanda səhiyyə işinin təşkili, yeni‐yeni xəstəxana, poliklinika və s. səhiyyə ocaqlarının açılması, onların bilikli və bacarıqlı kadrlarla təmin edilməsi və gənc həkimlərin bilik və təcrübəsinin artırılması sahəsində xeyli iş görüb.
"Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni və müxtəlif medallarla təltif edilib. Ona eyni zamanda Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi və "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilib. M.
Əliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, plenum, konfrans, qurultay və sessiyaların nümayəndəsi olub. M. Əliyev 1958‐ci il sentyabrın 24‐də Bakı şəhərində vəfat edub və Fəxri xiyabanda dəfn olunub…
ALLAH RƏHMƏT ELƏSİN!
