Sadıq Rəhimov — həyatı və yaradıcılığı

Şrift
Sadıq Rəhimov — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sadıq Rəhimov — həyatı və yaradıcılığı.

Sadıq Rəhimov 1914-cü il sentyabrın 27-də Bakının Balaxanı kəndində doğulub. Atası Yarəli Balaxanıda neft mədənlərində fəhlə, sonra qazmaçı və qazma ustası olub. Usta oğlunu savadlı və ziyalı bir insan kimi görmək istəyirdi.

Bu məqsədlə də onu Balaxanıda yeni açılmış kənd 7 illik məktəbinə aparır. S. Rəhimov 1929-cu ildə kənd məktəbini bitirir və Bakı Neft texnikumuna daxil olur. 1931-ci ildə Bakı Maşınqayırma zavodunda texnik vəzifəsində əmək fəaliyyətinə başlayır.

1932–1936-cı illərdə Azərbaycan SSR Xalq Yüngül Sənaye Komissarlığının 2 saylı Bakı ayaqqabı fabrikində əvvəl texnik, sonra isə mexaniki emalatxananın müdiri olub. Elmə, təhsilə can atan S. Rəhimov fabrikdə işləməklə yanaşı, 1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun maşınqayırma fakültəsinə daxil olur.

O, 1936-cı ildə diplom işini yazmaq və buraxılış imtahanlarını müvəffəqiyyətlə başa çatdırmaq məqsədilə müvəqqəti olaraq işdən çıxır. 1937-ci ildə diplom işini əla qiymətlə müdafiə etmiş S. Rəhimov yenə də 2 saylı Bakı ayaqqabı fabrikinə diplomlu mühəndis kimi baş mexanikin müavini vəzifəsinə göndərilir.

1939-cu ildə isə həmin fabrikin direktoru vəzifələrində çalışıb. 1939-cu ildə Moskvaya Ali Partiya məktəbinə oxumağa göndərilir. O, 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyub cəbhəyə gedir.

1941–1942-ci illərdə sovet ordusunun Qərb cəbhəsində vuruşan 160-cı atıcı diviziyasında siyasi şöbənin rəisi olur, Moskva, Smolensk ətrafında gedən döyüşlərdə fəal iştirak edir. Vyazma şəhəri yaxınlığındakı vuruşlarda yaralanır və arxa cəbhəyə göndərilir. Ağır yaralanması ilə əlaqədar hərbi qulluqdan tərxis edilən S.

Rəhimov Bakıya qayıdır və Azərbaycan toxuculuq sənayesi nazirinin müavini təyin olunur. 1942–1946-cı illərdə bu vəzifədə, 1946–1949-cu illərdə isə Azərbaycan SSR toxuculuq sənayesi naziri vəzifəsində çalışır. 1949-cu illərdə respublikada bir sıra nazirliklər ləğv edilir, bəziləri birləşdirilir. Bu zaman Toxuculuq Sənayesi Nazirliyi ilə Yüngül Sənaye Nazirliyi birləşir və S.

Rəhimov Azərbaycan SSR yüngül sənaye naziri vəzifəsinə təyin edilir. O, bu vəzifədə 1949–1952-ci illərdə işləyib. 1952-ci ildə Azərbaycan iki vilayətə: Bakı və Gəncə vilayətlərinə bölünür.

1952-ci ilin aprelində Azərbaycan SSR Ali Soveti rəyasət heyətinin qərarı ilə Gəncə Vilayət İcraiyyə Komitəsinin sədri vəzifəsinə S. Rəhimov təyin olunur. O, bu vəzifədə 1952–1953-cü illərdə işləyir, lakin, vilayət quruluşu Azərbaycanda çox fəaliyyət göstərmir və bir ildən sonra ləğv edilir.

S. Rəhimov Gəncə vilayəti ləğv edildikdən sonra Bakıya qayıdır, Azərbaycan SSR Kommunal təsərrüfatı və mülki tikinti naziri, sonra isə çox işlənən sənaye malları üzrə nazir olur və 1953–1954-cü illərdə bu vəzifələrdə çalışır. S.

Rəhimov 1954–1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. 1958–1961-ci illərdə Nazirlər Sovetinin Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinə sədrlik edib, 1961–1965-ci illərdə isə o, Bakı Baş Tikinti İdarəsinin rəisi olub. S.

Rəhimov 1965–1975-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə başçılıq edib. O, dəfələrlə Azərbaycan KP MK və onun bürosunun, Azərbaycan SSR Ali Soveti və onun rəyasət heyətinin üzvü, Azərbaycan, SSRİ Ali sovetlərinin deputatı olub. "Lenin" ordeni, "Qırmızı bayraq", "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" ordenləri və medallarla təltif olunub.

S. Rəhimov 1975-ci il iyunun 11-də Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Respublikasının Gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun babasıdır.

2014-cü ildə S. H. Rəhimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasınin Prezidenti Sərəncam imzalayıb…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗