Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, tarix dərsliklərində səthi məlumat verilən hadisələr haqqında paylaşımla….
Dəyərli dostlar, tarix dərsliklərində səthi məlumat verilən hadisələr haqqında paylaşımlarımızı davam etdiririk. Bu dəfə Bakıda "qadınların qiyamı" barədə məlumat verəcəyik. 1916-cı ildə Bakıda ən vacib ərzaq mallarının qiymətləri xeyli bahalaşmışdı. 6 nəfər möhtəkir ət ticarəti məqsədilə sindikat yaratmışdı.
Onlar Türkmənistandan qoyun gətirib, bazarlarda baha qiymətə satırdı. Qıtlıq başlamış, bazarda qiymətlər 4–5 dəfə artmışdı. 1916-cı ildə çörəyin qiyməti 1914-cü ilə nisbətən 266 faiz artmışdı. Un, düyü, çörək, ət, toyuq, yumurta, göyərti və başqa ərzaq mallarının qiymətləri yüksək idi.
Südün qiyməti 305 faiz, ətin qiyməti 327 faiz, düyünün qiyməti 355 faiz, ərinmiş yağın qiyməti isə 520 faiz artmışdı. Şəhərdə əhalinin yoxsul təbəqələri içərisində acından ölmə halları da çoxalmışdı. Buğda olmadığından şəhərdə dəyirmanların çoxu işləmirdi.
Nəticədə 1916-cı ilin fevral ayının 14-də Bakıda aclıqdan təngə gələn qadınların güclü çıxışı – məşhur "Babiyi bunt"- hadisəsi baş verdi. Bu, Zaqafqaziyada qadınların ilk çıxışı idi. Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" adlı əsərində qiyamın ümumi mənzərəsi barədə yazılır: "Bir qadın Aleksandro-Nevski bazarında kartof alarkən qiymət üstündə dükançı ilə höcət edir, qəzəblənib dolu torbanı yerə çırpıb, günəbaxan tumu olan qutunu vurub dağıdır və başlayır tapdalamağa.
Elə buna bənd imiş kimi Hüsü Hüseynov küçəsindəki yüzlərlə qadın başlayır qarışıqlıq salmağa, hücum edib meyvə, tərəvəz, baqqal, çörəkçi, qəssab dükanlarını talan etməyə. Qarışıqlıq Quba meydanında və Balaxanı küçəsindəki dükanlara sirayət edir. Hadisə yerinə polis və yanğın dəstələri göndərilsə də izdiham yatırıla bilmir.
Şəhərdə hərbi qüvvələrin azlığına görə (270 nəfər piyada, 160 nəfər atlı əsgər) əməliyyatlar uğursuzluqla nəticələnir. Əməliyyata rəhbərlik edən Martınovun əmri ilə Kaspi küçəsindəki böyük şərab anbarına hücum edən qadınlara 2 dəfə yaylım atəşi açılır. Atlı kazaklar Qaraşəhər körpüsünün yanında 1000 nəfərlik qadın izdihamını dağıdırlar.
Bu zaman 4 nəfər həyatını itirir. Bakı şəhər rəisliyinin təhrif edilmiş məlumatına görə, 64 nəfər adam iğtişaş vaxtı ölüb və yaralanmışdı; onlardan 40 nəfəri fevralın 14-də, 17 nəfəri fevralın 15-də, 17 nəfəri isə fevralın 16-da. Martınovun yazdığı raportda qadınlar qiyamı zamanı şəhərə 2 milyon 957 min manat ziyan dəydiyi göstərilirdi".
"Açıq söz" qəzeti 1916-cı il 2 mart tarixli nömrəsində yazırdı:"Yekşənbə günü (fevralın 28-də) Bakıda iğtişaşlar başladı. Ərzağın, xüsusilə kartofun bahalaşması ilə əlaqədar olaraq iğtişaş göyərti dükanlarından başlamış, baqqal dükanlarına da yayılmışdır. Düşənbə günü arvad və uşaqlar şəhərin mərkəzində olan mağazaları yarmağa başladılar.
Çərşənbə günü un dəyirmanlarını (Skobelevin dəyirmanını), un anbarlarını (Tağıyevin) yarmağa başladılar. Polis və jandarma da uzaqda durub tamaşa edirdi. Onlar əksinə, camaatı qızışdırırdılar.
Sonra qradonaçalnikin tədbiri ilə iğtişaşçı dəstələr dağıdıldı və hətta atəş açıldı. Ölən və yaralanan da oldu. Bu iğtişaş Moskvadakı iğtişaşların təkrarı idi.
Sonra polis məmurları evləri axtarıb, oğurlanmış malları geri qaytarmış və mal oğurlayanlar həbs edilmişlər». Lev Trotski "Tarixin ironik çırtması" adlı məqaləsində Bakı hadisələrini təhlil edir: "Həqiqətən də, inqilabi problem-yeni "namuslu" nazirlərin seçimində yox, hakimiyyətin yeni mahiyyətindədir. Bakıdakı hadisələr göstərir ki, köhnə hakimiyyət hansı azğınlıqla öz mövqelərinin müdafiəsinə qalxacaq.
Bu Bakı qiyamı öz mənalılığında Dumadakı bütün müzakirələrdən daha parlaq və aydındır!" "Naşe Slovo" qəzeti 1916-cı ilin martın 13-də yazırdı:“Deputat Cəfərov xəbər verir ki, Bakıda bahalaşma əleyinə tətillər olub və o,hesab edir ki, Bakıda bahalıq fonundakı qarışıqlıqlarda bəzi polis rəhbərlərinin də iştirakı var”…
