Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Pəri Həsən qızı Məlikova — həyatı və yaradıcılığı.
Pəri Həsən qızı Məlikova 1873-cü ildə Göycay qəzasında, Zərdabda dünyaya göz açıb. Uşaqlığının ilk illəri Bakıda keçsə də, atası, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi 2 il Bakıda işsiz qalandan sonra, 1880-ci ildə ailəsi ilə birlikdə doğma yurduna-Zərdaba köçür. Bu zaman onun böyük qızı Pərinin 7 yaşı var idi.
Ailənin maddi vəziyyəti ağır olsa da, Həsən bəy qızını oxutmaq arzusu ilə yaşayırdı. Azərbaycanda qız məktəbi olmadığından Həsən bəy Zərdabi qızını Tiflisə aparır və vaxtı ilə Hənifə xanımın təhsil aldığı "Rus Qız Gimnaziyası"na yazdırır. Tiflis mətbu orqanları və ziyalıları ilə mütəmadi əlaqə saxlayan Həsən bəy tez-tez gimnaziyaya gəlir, qızının dərsləri ilə maraqlanırdı.
Qısa bir müddətdə Pəri xanım həm təhsili, həm də yüksək ədəb-ərkanı ilə müəllimlərinin hörmətini qazanır. Beləliklə, Tiflisdə "Rus Qız Gimnaziyası"nda ilk təhsil alan azərbaycanlı qız Pəri xanım olur. Araşdırmaçı Qərənfil Dünyamin qızı yazır ki, Pəri xanım hələ Tiflisdə gimnaziyada oxuyarkən təhsilə, yeniliyə olan marağı ilə yanaşı, Şərq qadınlarına xas olan gözəlliyi, saflığı, sadəliyi ilə də Əlimərdan bəyin diqqətini cəlb edir.
Aralarında səmimi bir dostluq yaranır və bu dostluq sonralar ülvi məhəbbətə, sədaqətli ömür-gün yoldaşlığına cevrilir. 1893-cü il, dekabrın 31-də Tiflisdə Əlimərdan bəy Topçubaşov ilə ailə qurub. Onun atası H.
Zərdabi çox mütərəqqi ziyalı olmasına baxmayaraq, qızı üçün Topçubaşovdan 10 min rubl başlıq pulu istəmişdi. Amma, Topçubaşovun bu qədər pulu olmadığından o və Pəri toy mərasimi keçirməməyi və qənaət olunan pulu Həsən bəyə verməyi qərara almışdılar. Bu məsələ ilə bağlı Pəri xanım anasına yazırdı: "Mənim əziz anam, heyflər olsun ki, sən bizim toyumuzda iştirak edə bilmədin.
Dünən 31 dekabr tarixində kəbinimiz kəsildi və mən Mərdan bəyin evinə köçdüm. Hər şey çox gözəl və şən keçdi, bunu hətta xalam da təsdiqləyə bilər. Heyf, bircə sən yox idin.
Əzizim mənim, bilirəm ki, sən burada olsaydın, mənim xoşbəxtliyimə şərik olardın. Amma mən ümid edirəm ki, imkan tapan kimi sən yığışıb bizə gələcəksən. Mərdan bəyin kənd məktəbində dərsləri var və məzuniyyət götürmək üçün münasib vaxt deyil.
Mərdan bəy söz verib ki, sənin arzunu həyata keçirəcək və sənin sevimli qızına layiq həyat yoldaşı olacaq. Ana can, bağışla ki, biz hər şeyi səndən xəbərsiz etmişik, amma mən ümid edirəm ki, sən heç bir şeyə qarşı etraz etməyəcəksən. Öpürəm səni.
Səni sevən qızın. Mənim ünvanım. Starovnaya küçəsi, Vinasovun evi.
Pəri xanım Topçubaşova". Pəri xanım Topçubaşovanın 5 övladı olub. Onlardan dördü – oğulları Ələkbər bəy, Ənvər bəy Topçubaşov, qızları Sara xanım Sultanoğlu, Sevər xanım Topçubaşova anaları ilə birlikdə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində iştirak ediblər.
Pəri xanım Fransada mühacirətdə olub və 1947-ci ildə orada dünyasını dəyişib. Paris yaxınlığındakı Sen-Klu məzarlığında, vəfalı həyat yoldaşı, vaxtilə AXC parlamentinin sədri olmuş Əlimərdan bəy Topçubaşovun yanında dəfn olunub… RUHLARI ŞAD OLSUN!!!
