Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Murtuza Axundzadə — həyatı və yaradıcılığı.
Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında doğulub. O, Qubada seçilən, fəallığı ilə diqqət çəkən ziyalılardan idi. Buna görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər.
Murtuza bəy "Müsavat" fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən biri seçilmişdi. Bu zaman onun 41 yaşı vardı. O, 1919-cu il fevralın 5-də Quba məsələsi ilə bağlı parlamentdəki çıxışında bildirirdi: "Qubada kasıb, dövlətli – hər kəsin ipək parçadan tikilmiş üçrəngli bayrağı var" Digər bir çıxışında isə belə qeyd edir: "Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu.
Bütün evlərin üstündə üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm". Murtuza Axundzadənin oğlu Yusif öz xatirələrində yazır:"Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla vaxtaşırı əlaqə saxlayır, onu Tükiyəyə keçirmək üçün dönə-dönə dilə tuturdular.
Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə uşaqlarla işləri olmaz.
Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı.
1920-ci ilin fevralında bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi.
Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Bir daha atamı görmədim".
1920-ci ilin iyunun 15-də Murtuza bəy həbs olunur. Onun həbs olunduğu gün ilə bağlı qızı Minanın xatirəsində deyilir: "10 yaşındaydım. Buruq-buruq saçlarım vardı.
Atamı aparmağa gələnlər saçlarımı sığalladılar, sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm". 1920-ci ilin aprelin 28-də AXC Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi.
Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamam bolşeviklərin əlində idi. Belə olduqda, yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır.
Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında "xalq düşməni" damğası ilə güllələnərək Xəzər sularına qərq olurdu. 1920-ci ildə Murtuza Axundov "xalq düşməni" kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı. Məhəmməd Əmin Rəsulzadə 1923-cü ildə yazdığı "Azərbaycan Cümhuriyyəti keyfiyyəti-təşəkkülü və indiki vəziyyəti" kitabında Murtuza Axundzadəni "Azərbaycanın istiqlal şəhidi" adlandırıb.
Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı olub: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Murtuza Axundzadə Bakı şəhərində, Mirzə Ağa Əliyev küçəsi (əvvəllər "Çadrovaya" adlanan küçə), ev 199 ünvanda yaşayırdı… ALLAH RƏHMƏT ELƏSİN!
