Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Vilyam Hirleyn Lindley 30 yanvar 1853-cü ildə Hamburqda doğulub..
Vilyam Hirleyn Lindley 30 yanvar 1853-cü ildə Hamburqda doğulub. İngilis mülki mühəndisi və inşaatçısıdır. Avropanın 30-dan çox şəhərində (Frankfurt, Varşava, Praqa və s.), o cümlədən Bakıda su kəmərlərinin və kanalizasiya qurğularının tikintisini həyata keçirib.
O, atası və kiçik qardaşları Robert və Cozeflə birlikdə işləyib. 1881–1889-cu illərdə atasının layihəsi əsasında Varşava şəhər su kəmərinin çəkilməsinə, 1895–1906-cı illərdə Praqa şəhərinin kanalizasiyasının tikintisinə rəhbərlik edib. Bubenets rayonunda tikdiyi təmizləmə stansiyası 1991-ci ildə mədəniyyət abidəsi, 1992-ci ildə isə ekotexniki muzeyə çevrilib.
1899-cu ilin yanvarında Bakı şəhər su təchizatı komissiyası Bakı Dumasına təqdim etdiyi məlumatda qeyd etmişdi ki, şəhərin su təchizatının təşkili üçün layihə hazırlanması zərurəti yaranıb. Həmin məlumatda Samurçay və Kür çaylarının potensialından istifadə edilməsi təklif edilirdi. Bu məqsədlə komissiya 3 nəfər avropalı mühəndisə müraciət etmişdi və onlardan biri də Lindley idi. 1899-cu ilin iyununda Lindley müraciəti qəbul edir və oktyabrda Bakıya gəlir.
Lindley öz hesabına tədqiqatlar aparır və Şahdağ zirvəsinin ətəyindən süzülüb bulağa çevrilən Şolların zəngin su ehtiyatlarına diqqət yetirir. Lindley Kür çayı, Samurçay və Şollar bulağı kimi su təchizatı mənbələrini müqayisə edərək Şollara üstünlük verir və öz qərarını iqtisadi cəhətdən də əsaslandırır. 23 iyun 1901-ci ildə Bakı şəhərinə su kəməri çəkilməsinə dair Lindleylə müqavilə bağlanır. Bu məqsədlə 35000 rubl büdcə müəyyən edilir və həmin məbləğin 25000 rubl hissəsi Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev tərəfindən ödənilir.
Daha sonra, Bakı şəhər Duması bu layihəyə 182000 rubl vəsait ayırır. 1905-ci ildə Rusiyada baş verən inqilab su kəmərinin çəkilməsini dayandırdı və işlər ancaq 1908-ci ildə bərpa edildi. Su kəmərinin tikintisinə Lindley rəhbərlik edirdi. Ona bu işdə P.
P. Freze və S. F.
Skrjival kömək edirdilər. Bu, Lindleyin karyerasında texniki cəhətdən ən çətin layihə idi. Birinci Dünya müharibəsi su kəmərinin tikintisini ləngitsə də, 1917-ci ilin yanvarında 180 km uzunluğa malik olan və böyük çətinliklər dəf edilməklə çəkilən bu su kəmərinin tikintisi başa çatdırıldı.
Yanvarın 22-də təntənəli şəkildə Şollar suyu rezervuarlara vuruldu. Şollar suyunun yüz vedrəsinə 75 qəpik istifadə haqqı müəyyən edilmişdi. Onu da qeyd edək ki, 1917-ci ilin sentyabrında Bakını tərk edən Vilyam Lindleyin Londonda vəfat etməsi barədə xəbər Bakıya 1918-ci ilin martında çatmışdı.
Bakı Şəhər Duması bu kədərli xəbəri bir dəqiqəlik sükutla yad etmişdi…
