Mayıl Zahirov (Qaçaq Mayıl) — həyatı və yaradıcılığı

Şrift
Mayıl Zahirov (Qaçaq Mayıl) — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mayıl Zahirov (Qaçaq Mayıl) — həyatı və yaradıcılığı.

Mayıl Zahirov (Qaçaq Mayıl) 1865-ci ildə Quba qəzasında, Qonaqkənddə doğulub. 1915-ci ildə Mayıl Zahir oğlu Qonaqkənd nahiyəsinin yüzbaşısı seçiləndə artıq el arasında onun igidliyi və mərdliyi haqqında danışılırdı. Bu dövrdə mahalın Xaltan, Cimi, Buduq, Rük, Mücü kəndləri ona tabe idi.

Yüzbaşı vəzifəsi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyində rəsmən təsdiq edilirdi. Haqqı nahaqqa vermədiyi, namus-qeyrət keşiyini çəkdiyi üçün Mayılın çoxlu düşmənləri var idi. Ona qarşı düşmənçilik edənlər 1918–1920-ci illərdə gizli fitnə-fəsadlar yaratsalar da, 1920-ci ildən sonra ona qarşı açıq silahlı mübarizə aparırdılar.

Qaçaq Mayılın öldürülməsindən sonra sağ qalan üç oğlu Babadağa çəklilir və burda mübarizəni davam etdirir. Qaçaq Mayılın böyük oğlu Qaçaq Osman sovet hakimiyyətinə qənim kəsilir. İşə bu dəfə də NKVD müdaxilə etməli olur.

O zaman Qonaqkənddə olan yerli NKVD nümayəndəsi Osmana tələ qurur. Osman hazırlanmış sui-qəsd nəticəsində ayağından yaralanır. Babadağda "Mayılın kahası" adlanan yerdə yaşamağa məhkum olur.

Amma NKVD ondan əl çəkmir. Qışın çovğununda Babadağa, Osmanın arxasınca silahlı dəstə göndərilir. Ancaq dəstə üzvləri soyuqda donur və heç kim geri qayıtmır.

NKVD sonuncu varianta əl atır. Ərazinin yaşlı əfəndisinin ailəsi girov götürülür. "Osman təslim olmasa, əfəndinin ailəsi güllələnəcək" şərti irəli sürülür.

Əfəndi dağa yollanır. Yaralı Osmanı müalicə adı ilə evlərinə dəvət edir. Şübhələr dolu həyat yaşayan Osman ona inanmasa da Əfəndi and içərək onu inandırır və kəndə gətirir.

Baba dərəsində əfəndi Osmandan yaralı olmasını bəhanə gətirib tüfəngini alır. Tərk-silah edilmiş Osman xəyanət nəticəsində ələ keçir. Ölkənin müxtəlif yerlərində təşkil edilən sirklərin sonunda Osman səhnəyə çıxarılır və Sovet dövlətinin sarsılmazlığı mədh edilir.

Qısa vaxtdan sonra, dağda qalan İbrahim və digər qardaşı da həbs edilir. Məhkəmə hər üç qardaşı Kazana sürgünə göndərir. Oğlu İbrahim AXC ordusunda xidmət edib və Sarvan döyüşünün iştirakçısı olub.

XI Qızıl Ordunun qatarı Azərbaycana soxularkən Həmdulla əfəndi öz tərəfdarları ilə qatarın qarşısını kəsməyə cəhd edir. Sarvan döyüşündən əvvəl stansiya yaxınlığında mövqe tutan Həmdulla əfəndi, tapşırıq verərək relsləri sökdürür, barrikadalar qurdurur. 2000 nəfərlik ordunu dəstələrə bölərək, onların birinə başçı olaraq Qaçaq Mayılı təyin edir.

Qüvvələr qeyri-bərabər olduğundan Həmdulla əfəndi və ordusu məğlub olaraq dağlara çəkilirlər. Nəriman Nərimanov yerli əhalini əldə saxlamaq üçün Həmdulla Əfəndiyə toxunulmazlıq verir. Əks-inqilabçı Mayıl isə Qaçaq Mayıl adı ilə mübarizəsinə davam edir.

Quba İcraiyyə komitəsinin rəhbəri Hüsü Hacıyev 4 nəfərlə birbaşa Qonaqkəndə, Mayılın görüşünə yollanır. Neycə meşəsindəki iqamətgahında gecədən xeyli keçənə qədər görüş davam edir. Qaçaq Mayıl qonaqların şərəfinə süfrə açdırır.

Amma sonda Hüsü Hacıyev rəsmi əmrlə möhürlənmiş məktubu Mayıla uzadır. Qaçaq Mayıl ətraf dağların nəzarətçisi təyin edilir. Qonaqlar yola salınır.

Amma Hacıyevin dəstəsinin Qubaya çatması ilə mühasirəyə düşməsi bir olur. Qaçaq Mayıl ordaca mövqeyini elan edir. Hüsü Haciyevin əliboş qayıtması mərkəzi hakimiyyəti narazı salır.

İşi bitirmək üçün NKVD-yə tapşırıq verilir. Plana görə, Qaçaq Mayılın dəstəsində fikir ayrılığı yaradılmalı və onun dəstəsi çökdürülməliydi. Qaçaq Mayılın oğullarından biri öldürülür.

Az sonra şayiə yayılmağa başlayır ki, guya Mayıl özü oğlunu öldürüb. Şübhəli xəbərlər digər oğullarına da çatır. Mayılın ətrafında inamı sarsıdan NKVD onun axırına çıxmaq üçün son həmləyə başlayır.

Qaçaqların arasındakı casus xəbər verir ki, 1924-cü il mayın 24-ü Mayıl Dədəgünəşə Həzrət babanı ziyarətə gedəcək. Babadağda son ziyarətini edən Qaçaq Mayıl geri qayıdarkən, Utuq dərəsində tələyə düşür. Qarşı qayadan beşatılanla hədəf alınan Mayıla iki güllə dəyir.

NKVD-nin planı baş tutur, Mayılın qətli isə guya ondan narazı qalan oğullarının üstündə qalır. Mayılın meyitini Xaşı kəndinə gətirib, pirin yanında dəfn edirlər… ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗