Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli bəy Zizikski — həyatı və yaradıcılığı.
Əli bəy Zizikski 1876-cı ilin noyabr ayında Quba qəzasının Zizik kəndində doğulub. Sankt-Peterburq şəhərində hərbi məktəbdə oxuyub. Çar ordusunda xidmət edib.
Hərbi xidməti Varşavada atçılıq müsəlman alayında keçib. Varşava üsyanı yatırılmasında iştirak edib. 1914-cü ildə Əli bəy Zizikski Quba qəzasının polis rəisi təyin edilib Fevral inqilabından sonra (1917) kapitan Əli bəy Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdi(birinci müavini Mir Cəfər Bağırov, digər müavini isə Qazı Əhməd bəy Məhəmmədbəyov idi). Oktyabr çevrilişindən (1917) sonra qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışıb.
Əli bəy Zizikski 1918-ci il soyqırımı zamanı öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdu. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradıb, şəhər üzərinə son hücum hazırlığına başlamışdı. Lakin, Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələr nisbəti dəyisir və onlar tutduqları mövqeləri tərk etməli olur. 1918-ci ilin aprelində Bakı Soveti Quba üzərinə əks-hücum təşkil edərkən Həmdulla əfəndi Əfəndiyev və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri şəhəri Bakı Sovetinin qüvvələrindən müdafiə etmişdilər.
Aprelin sonu-mayın əvvəlində S. Şaumyan və G. Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı ilə Qubaya yeni daşnak-bolşevik qüvvələri yeridildi.
Zizikski düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib, Dağıstana keçməyə məcbur oldu. Hamazaspın dəstəsi şəhərdə və ətraf kəndlərdə kütləvi qırğınlar və vəhşiliklər törətdi. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstə yaradan Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil etdi və Qubanı azad etdi, Azərbaycan Xalq Cümburiyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil oldu.
Bakı şəhəri Azərbaycan və Türkiyə hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edildikdən (1918-ci il, 15 sentyabr) sonra artıq polkovnik rütbəsində olan Zizikski paytaxt valisinin müavini təyin edilir, eyni zamanda Quba qəzasından Azərbaycan Parlamentinə üzv seçilir. O, parlamentdə "İttihad" fraksiyasını təmsil edirdi. İttihad Partiyasının 1-ci (1919, aprel) və 2-ci (1920, yanvar) qurultaylarında partiyanın Mərkəzi Komitəsinə üzv seçilmişdi.
Azərbaycan Parlamentinin maliyyə-büdcə komissiyasının üzvü idi. Aprel işğalından (1920) sonra Zizikski bir müddət sovet hakimiyyətinə qarşı müqavimət hərəkatında iştirak edir, Qubada elan edilən amnistiyadan sonra leqal fəaliyyətə keçir, lakin, bolşeviklərin elan etdiyi amnistiyanın müvəqqəti olduğunu yəqin edərək, yenidən gizli fəaliyyət göstərir. Zizikskinin sabiq müavini, o zaman Azərbaycan Fövqəladə Komissiyasının başçısı M.
C. Bağırov onu sovet-bolşevik təqiblərindən qurtarmışdı. Bundan sonra Əli bəy Zizikski Bakıya qayıdaraq, bəraət alır.
Bakıda Çəmbərəkənddəki evində yaşayırdı. O, Mir Cəfər Bağırov Respublikada olmadığı vaxtda 28 dekabr 1926-cı ildə (50 yaşındakən) həbs edilirir. 6 avqust 1928-ci ildə AzSSR Cinayət Məcəlləsinin 63, 75 və 18–84-cü maddələri (əksinqilabçılıq fəaliyyəti, xarici əks-inqilabçılıq təşkilatları ilə əlaqə) ilə təqsirli elan edilərək, ölüm cəzasına məhkum olunur.
Hökm 1929-cu ilin sentyabr ayının 17-dən 18-nə keçən gecə icra olunur…
