Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Yelizavetpol (Gəncə) şəhərində doğu….
İshaq Məmmədrza oğlu Cəfərzadə 14 avqust 1895-ci ildə Yelizavetpol (Gəncə) şəhərində doğulub. 6 yaşında mədrəsədə təhsil almağa başlayıb, ərəb və fars dillərini öyrənib. 1910–1916-cı illərdə altıillik şəhər məktəbində təhsilini başa vurduqdan sonra, 1924-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsinə daxil olub və 1927-ci ildə təhsilini uğurla tamamlayıb. 1927-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq şöbəsinin etnologiya fakültəsinə daxil olub və 1930-cu ildə təhsilini başa vurub. İshaq Cəfərzadə elmi fəaliyyətinə 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsinin və Azərbaycan Arxeoloji Komitəsinin üzvü olaraq başlayıb. 1926-cı ildə Azərbaycan Dövlət Muzeyində elmi əməkdaş kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər burada çalışıb.
O, ilk elmi araşdırmalarını Gəncə şəhərində həyata keçirib. Mütəfəkkir-şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar təşkil olunan qazıntı işlərinə rəhbərlik edib. Bu tədqiqatlar nəticəsində Gəncənin yeri dəqiq müəyyənləşdirilib, qala divarları, sənətkar məhəllələri, müxtəlif məişət tikililəri aşkar edilib və xeyli maddi mədəniyyət nümunələri üzə çıxarılıb.
Şairin məzarını açmaq və nəşini gün işığına çıxarmaq şərəfinə nail olan İshaq Cəfərzadə Nizami Gəncəvinin nəşini yubiley günlərində yeni türbədə qara mərmər sənduqəyə yerləşdirib. O, bu araşdırmalarının nəticələrini ümumiləşdirərək 1944-cü ildə "Gəncə tədqiqatlarına dair" əsərini namizədlik dissertasiyası kimi müdafiə edib. İshaq Cəfərzadə Azərbaycan ərazisində 70-dən çox maddi mədəniyyət abidəsinin üzə çıxarılmasına rəhbərlik edib.
O, Xocalı, Qızılvəng, Çovdar, Yaloylutəpə, Örənqala kimi mühüm arxeoloji ekspedisiyalarda və onlarla etnoqrafik səfərlərdə iştirak edib. 1938–1940-cı illərdə Gəncə, 1939–1950-ci illərdə isə Abşeron, Səbayıl, Qobustan və digər bölgələrdə təşkil edilən arxeoloji ekspedisiyaların təşkilatçısı və rəhbəri olub. Xüsusilə, Qobustan qaya təsvirlərinin tədqiqi sahəsində ilk dəfə 1939-cu ildə dünya elminə məlumat verən şəxs olub.
1945-ci ildə SSRİ EA Azərbaycan Filialının Azərbaycan Elmlər Akademiyasına çevrilməsindən sonra İshaq Cəfərzadə bu elm ocağında Tarix İnstitutunun Arxeologiya şöbəsinə rəhbərlik edib. O, 5 yanvar 1982-ci ildə Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!
