Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sultan Məcid Qənizadə — həyatı və yaradıcılığı.
Sultan Məcid Qənizadə 1866-cı ilin aprelində doğulub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovsk Müəllimlər İnstitutuna daxil olub. O vaxtlar müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbib bəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər.
Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə "Rus-Azərbaycan məktəbi" adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldu. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi. 1896-cı ildə İsgəndər bəy Məlikov və Əbdülxalıq Axundov ilə birgə Bakıda ilk kütləvi kitabxana açıb(17 mart 1899-cu ildə qapanıb).
Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. "Lüğəti-rusi və türki" (1902), "Samouçitel tatarskoqo yazıka" və başqa kitablar S. M.
Qənizadənin elmi təfəkküründən xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan S. M.
Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışıb. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla "Mirzə Məcid" deyə müraciət ediblər. Hüseyn Ərəblinskinin teatra gəlməsində onun böyük rolu olub.
Hüseyn Ərəblinski ilk dəfə məhz S. M. Qənizadənin rejissorluğu ilə hazırlanmış "Vəziri xani-Lənkəran" komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynayıb.
O, həm də tərcüməçi idi. Ədəbiyyatşünas alim Abbas Zamanov yazırdı: "Rus dramaturgiyasını ilk dəfə səhnəmizə gətirmək şərəfi də Sultan Məcid Qənizadəyə müyəssər olmuşdur. 1894-cü ildə o, Lev Tolstoyun "Əvvəlinci şərabçı" pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur".
Sultan Məcid Lev Tolstoyla məktublaşırdı. Onun fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdir edillsə də, Allaha inamı qəbul edilmirdi. Bu səbəbdən də Qənizadənin fikirləri "ziddiyyətli görüşlər" kimi qiymətləndirilirdi.
Sultan Məcid Qənizadə böyük jurnalist idi. Yazıları "Dəbistan" jurnalında çap olunardı. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultan Məcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş.
1906-cı ildə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz Sultan Məcid Qənizadə olub. O, böyük Azərbaycanlı idi. Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı.
Bir çox həmkarından fərqli olaraq Sultan Məcid Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, milliyyətə, Vətənə xidmətə səsləyirdi. O,müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün "Gəlinlər həmayili"ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi.
Sultan Məcid Qənizadə bütün bunlardan sonra "xalq düşməni" idi. Onun tərcümeyi-halında oxuyuruq: "S. M.
Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir". Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət biliblər. Sultan Məcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi.
1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında Sultan Məcid Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək 1938-ci ildə "xalq düşməni" kimi güllələdilər… RUHU ŞAD OLSUN!
