Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağahüseyn Mehdi oğlu Əlihüseynov — həyatı və yaradıcılığı.
Ağahüseyn Mehdi oğlu Əlihüseynov 1908-ci ildə Bakı şəhərində doğulub. Uşaq vaxtı,adi işçi-yağlayıcı olan atasının əməyinin nə qədər fərəhsiz və ağır olduğunu görürdü. Bu ailənin ən kiçik üzvü olan Ağahüseyn də vaxtlı-vaxtında məktəbə gedə bilmirdi.
Ağahüseyn çox gənc ikən muzdla işləməyə məcbur olur. 1923-cü ildə Əlihüseynov bir dərəcəli məktəbi qurtarıb, həmin ildə 1-ci dövlət mətbəəsində şagird olur. Burada komsomola daxil olur və dərhal özünü qabaqcıl komsomolçu-fəal kimi göstərir. Mətbəənin komsomolçuları onu divar qəzetinin redaksiya kollegiyasına katib, sonra özəyə mədəniyyət işçisi , bir neçə müddətdən sonra katib seçirlər.
Əlihüseynovun bilik öyrənmək həvəsi olduqca böyük idi. O, gündüzlər mətbəədə işləyərək, axşamları işçi fakültəsində oxuyur. Dörd il ərzində o, istehsalatda çalışaraq böyük həvəslə oxumaqda davam edir.
Bu illər ərzində Əlihüseynov özünü işçi gənclərin gözəl təşkilatçısı , Bakı mətbuatının gözüaçıq müxbiri, din əleyhinə bacarıqlı təşviqatçı kimi göstərir. Din əleyhinə təbliğat sahəsində Əlihüseynov hələ komsomolçu ikən böyük işlər görür. O, işçi klublarında , məscidlərin həyətlərində (xüsusilə Bakının dağlıq hissələrində) mollaların fəaliyyətini ifşa edir, dinin sinfi mahiyyətini açıb göstərirdi.
Əlihüseynov hələ o zaman Mübariz Allahsızlar İttifaqı Bakı Sovetinin Rəyasət Heyətinin üzvü idi. "Zəhmətkeşlərin haqlı tələbləri"nə biganə qala bilməyən NKVD-nin baş komissarı N. Yejov 30 iyul 1937-ci ildə "Keçmiş qolçomaqlar, canilər və başqa antisovet ünsürlərin repressiya edilməsi üzrə əməliyyat" haqqında 00447 saylı əmr imzalayır.
Bu əmrə görə siyasi düşmənləri dərhal məhv etmək, siyasi rejimi dəyişmək fikrinə düşənləri operativ şəkildə zərərsizləşdirmək məqsədilə sadələşdirilmiş iş üsuluna keçilməsini təmin etmək üçün Sovet İttifaqının bütün müttəfiq respublikalarında "üçlüklər — troykalar" yaradıldı. Tutulanları iki kateqoriya- birinci və ikinci kateqoriya üzrə istintağa cəlb edirdilər. Birinci kateqoriyaya daxil olanlar güllələlənirdi, "bəxti gətirib" ikinci kateqoriyaya düşənlərə isə 8-10 il həbs cəzası təyin edirdilər.
Təqsirli sayılanları tez və sadələşdirilmiş şəkildə mühakimə edən "üçlüklər"ə SSRİ NKVD-nin xalq komissarı N. Yejov əvvəlcədən plan kəsmişdi. Məsələn, Azərbaycan Respublikasından I kateqoriya ilə 1 500, II kateqoriya ilə 3 750 məhbus, cəmi 5 250 nəfər cəzalandırılmalı idi…
1937-1941-ci illərdə Azərbaycan SSR-in Baş prokuroru olan Ağahüseyn Əlihüseynovun ölum tarixi ilə bağlı dəqiq məlumat yoxdur…
