Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ağa Əminov — həyatı və yaradıcılığı.
Ağa Əminov 1888-ci ildə Bakıda doğulub. 1907-ci ildə Bakıdakı gimnaziyanı başa vurduqdan sonra Peterburq Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil alıb. Ağa Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü olub. 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis vazifəsində çalışıb.
Aprel işğalından sonra bir müddət "Azərneft" sistemində fəaliyyət göstərib. 1917-ci ilin aprelin 15–20-də Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayının iştirakçısı olub. 1918–1919-cu illərdə "Müsəlman gecələri"nin əsas təşkilatçılarından biri olub və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynayıb.
18 fevral 1919-cu ildə "Müsavat" Partiyası üzvü olaraq boşalan yerlərdən Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə Müsavat və Müsəlman Milli Komitələri tərəfindən tərtib olunmuş 10 nömrəli siyahı üzrə parlamentin üzvü seçilib. O, parlamentdə qanun layihəsi komissiyasının üzvü olub. Ağa Əminovun parlamentdəki son çıxışı 26 aprel 1920-ci ildə keçirilən sayca 144-cü iclasda Orta təhsil məktəblərinin hazırlıq siniflərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi zamanı olub. 1919-cu ilin martın 14-də təşkil olunan I Yusifbəyli hökumətində "Müsavat" üzvü olaraq ticarət və sənaye naziri vəzifəsinə təyin olunub.
O, nazir olduğu dövrdə iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs göstərib, neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında hökumət qərarının qəbuluna nail olub. Ağa Əminov Azərbaycanda ilk dəfə olaraq məlumat alıb-ötürmək imkanlarının genişlənməsi üçün informasiya agentliyinin yaradılması ilə bağlı hökumətin hazırladığı qanun layihəsini parlamentə təqdim edib. Sonradan onun bu çıxışı "AzərTAc" İnformasiya Agentliyinin yaradılmasında mühüm rol oynayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti olan "Azərbaycan" qəzeti 1920-ci il martın 2-də ilk dəfə olaraq "AzərTAC" imzası ilə nəşr olunub. Ağa Əminov 1912-ci ildə "Müsavat" Partiyasına üzv olub. 1921-ci ildə Bakıda vəfat edib…
RUHU ŞAD OLSUN!
