Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Heybətqulu Həbibulla oğlu Məmmədbəyov — həyatı və yaradıcılığı.
Heybətqulu Həbibulla oğlu Məmmədbəyov 1879-cu ildə Bakının Şağan kəndində anadan olub. 1892-ci ildə rus-tatar məktəbində oxuyub. 1896-cı ildə təhsilini tamamladıqdan sonra Mixaylovsk məktəbinə daxil olub. 1902-ci ildə həmin məktəbin mühasib kursunu bitirmişdir. Sonradan o, Şəmsi Əsədullayevin idarəsində 1905-ci ilə qədər müqavilə ilə çalışıb. 1905-ci ildə H.
Z. Tağıyevin yanında, 6 aydan sonra isə Miraslanov qardaşlarının kontorunda çalışıb. Heybətqulu Məmmədbəyov "Nəşri-maarif" və "Nicat" Cəmiyyətləri tərəfindən Bakıda göstərilən tamaşaların təşkilində yaxından iştirak edib.
Fevral inqilabından sonra siyasi fəaliyyətə başlayan Heybətqulu Məmmədbəyov, Rusiyada Müsəlmanlıq Partiyasının təşkilində iştirak edib. O, 23 fevral 1918-ci ildə "İttihad" Partiyası sıralarından Zaqafqaziya Seyminə üzv seçilib. Heybətqulu Məmmədbəyov 27 may 1918-ci ildə Milli Şura üzvü seçilib.
İstiqlal Bəyannaməsinə səs verib. Dekabrın 7-də isə yenə İttihad üzvü olaraq AXC Parlamentinə daxil olub. 29 oktyabr 1917-ci il seçkilərində Bakı Şəhər Dumasının üzvü seçilən Heybətqulu Məmmədbəyov birbaşa olaraq Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü olub.
Heybətqulu Məmmədbəyov AXC Parlamentində Tərtibat və ləvazimat, Fəhlə və Qanun layihəsi komissiyalarının üzvü olub. 24 dekabr 1919-cu ildə, II Yusifbəyli hökumətində İttihad Partiyasının üzvü kimi dövlət nəzarəti naziri vəzifəsinə təyin olunub. O, bu vəzifəni 30 mart tarixinə, hökumətin istefasınadək davam etdirib.
Aprel işğalından sonra, 12 iyun 1920 tarixində Əliheydər Qarayev tərəfindən Qarabağ qaçqınlarının yerləşdirilməsi üzrə səlahiyyətli şəxs təyin edilib. 1921-ci ilin iyun ayına qədər bu vəzifədə çalışan Heybətqulu Məmmədbəyov sonradan Məmmədhəsən Hacınskinin köməyi ilə Zaqafqaziya Dövlət Ticarət İdarəsinin Bakı şöbəsinin rəis müavini təyin edildi. O, 1923-cü ilin iyununda işdən uzaqlaşdırıldı. Heybətqulu Məmmədbəyov xatirələrində, partiyanın 1917-ci ilin yayında Bakı şəhərində bir neçə şəxs tərəfindən Rusiyada Müsəlmanlıq Firqəsinin Təşkil Komitəsi yaradıldığını qeyd edib.
1920-ci ilin yanvar ayının 25-də saat 1-də Bakı İctimai Məclisinin zalında partiyanın II Qurultayı keçirilib. Qurultayda Heybətqulu bəy Məmmədbəyov Mərkəzi Komitənin üzvü seçilib. Aprel işğalından sonra partiya açıq fəaliyyətini dayandırmışdı.
Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyun ayında doğulduğu Şağan kəndinə gedir. Heybətqulu Məmmədbəyov 1923-cü ilin iyunun 15-də Azərbaycan Fövqəladə Komissiyası tərəfindən həbs edilir. 1923-cü ilin noyabrına qədər həbsdə saxlanıldıqdan sonra sərbəst buraxılır. Növbəti dəfə 1925-ci ilin mayın 19-da Azərbaycan Fövqəladə Komissiyasının komissarı Qriçman tərəfindən yaşadığı "Persidski" küçəsindəki 120 saylı evdə həbs olunur.
Onun həbs anketində bu sözlər yazılmışdı: "Heybətqulu Məmmədbəyov, Türk, 47 yaş, bitərəf, mühasib, Arvadı Gülsüm 38 yaş, oğlu Əmrulla 17, Nadir (oxuyur) 15 yaş, Adil 6 yaş, qızı Rəbiyyə 10 yaş (oxuyur), 1923-cü ildə İttihad Partiyasına mənsub olduğu üçün FK tərəfindən həbs edilib, əmək haqqı ilə yaşayır" 1925-ci ilin iyunun 22-də sərbəst buraxılır. 1937-ci ilin dekabrın 7-də Heybətqulu Məmmədbəyovu qardaşı Cəfərqulu ilə birgə həbs edirlər. Onların hər ikisini "seçkilərdə iştirak kimi tədbirlərin həyata keçirilməsinə qarşı çıxmaqda", "Sovet hakimiyyətinin yaxın vaxtlarda yıxılacağı barədə şayiələr yaymaqda", "əksinqilabi iş aparmaqda" günahlandırırdılar.
1937-ci ilin dekabrın 12-də 31 saylı protokoldan çıxarış əsasında Heybətqulu Məmmədbəyov və 67 yaşlı qardaşı Cəfərqulu Məmmədbəyov haqqında güllələnmə hökmü çıxarılır. 1937-ci ilin dekabrın 15-dən 16-na keçən gecə hər iki qardaş güllələnir…
