Əli Cəlal oğlu Yusifzadə — həyatı və yaradıcılığı

Şrift
Əli Cəlal oğlu Yusifzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əli Cəlal oğlu Yusifzadə — həyatı və yaradıcılığı.

Əli Cəlal oğlu Yusifzadə 1900-cü ilin yanvarın 1-də Şuşada doğulub. 1917-ci ildə Şuşa Milli Komitəsinin üzvü olub, yerli əhalinin erməni millətçilərinin təxribatlarından qorunmasında da fəal iştirak edib. AXC qurulduqdan sonra ailələri Bakıya köçüb.

Əli Yusif qəzet və jurnallarda müstəqillik, azadlıq ideyalarını tərənnüm edən məqalələr və şeirlər nəşr etdirib. 1918-ci il dekabrın 7-də AXC Parlamentinin açılış günü münasibətilə "Azərbaycan" qəzetinin xüsusu buraxılış nömrəsində Əli Yusifin "Prometey" məqaləsi dərc olunub. Bakıda yaşadığı dövrdə Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Dadaş Həsənov və başqaları ilə tanış olub. Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarı ilə xarici ölkələrə oxumağa göndərilən tələbələrin siyahısına salınıb.

Lakin, texniki səbəbdən tələbələrin göndərilməsi gecikdirilib. Yanvarın 14-də isə cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələrin təntənəli yola salma mərasimi təşkil edilib. Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.

Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıb. Əli Yusifzadə Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub. 1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Ümumittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası Mirzə Cəlal tərcüməçi kimi iştirak edib.

Qurultay başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşı Vasinin əmri ilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılmaqla həbs ediliblər. Qurultayın katibi, 8 dildə danışmağı və yazmağı bacaran Əli Yusifzadənin istintaqını 1927-ci il fevralın 28-də başa çatdırır. Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov, Mir Bağır Seyidrzayev, Əli Yusifzadə, ümumiyyətlə 14 nəfərə güllələnmə hökmü oxunur.

Lakin, sonradan Əli Yusifzadənin və bəzi məhbusların güllələnmə hökmü 10 il həbs cəzası ilə əvəzlənib. 1927-ci il martın əvvəllərində Əli Yusifzadənin də daxil olduğu Azərbaycanlı məhbuslar qrupu Solovkiyə, Şimal Buzlu okeandakı Ağ dənizin Oneqa körfəzindəki adalardakı həbs düşərgələrinə gətiriblər. Onları Baltik-Amur kanalının çəkilişində işlətməyə başlayırlar.

Şaxtada işləməkdən, qurd düşmüş balıqdan hazırlanmış xörəkləri yeməkdən çox onları cinayətkarlarla bir yerdə saxlanması rahatsız edib. Buna görə də Əli Yusifzadə siyasi dustaqlar arasında təbliğat işi aparmağa başlayıb. Azərbaycanlı məhbuslar ilk dəfə siyasi tələblərlə kütləvi ölüm aclığı elan edib.

Əli Yusifzadə SSRİ-də ilk dəfə siyasi məhbuslarının aclıq aksiyasının təşkil edənlərdən olub. 1927-ci ildə keçirilən aclığın 53-cü günü hərbçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu xəstəlikdən vəfat edib. Şəhid olan dustaqların vəsiyyəti ilə aclıq aksiyası 56-cı gün dayandırılıb. Bu xəbər Bakıya da gəlib çatıb.

Aclıq aksiyasının təşkilatçılarından olan Əli Yusifzadənin atası Mirzə Cəlal Yusifzadə 1931-ci ildə, 72 yaşında Bakıda oğul həsrətilə vəfat edib. Solovki həbs düşərgələrindəki vəziyyətlə tanış olmağa getmiş Maksim Qorki (Peşkov) və xanımına siyasi məhbuslar həbsxana nəzarətçilərindən gizli məktub ötürə bilib. Onlar bu məktubu Stalinə çatdırıb və siyasi məhkumlara qarşı sərt rejim nisbətən yumşaldılıb. 1935-ci ilin yanvarında Əli Yusifzadə həbsdən azad edilib.

Lakin, onun Azərbaycana dönməsinə icazə verilməyib. Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadə Daşkənddə yenidən həbs edilib.

1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədi də gizlədilib. Əli Yusifə bəraət ölümündən 54 il sonra-1992-ci ilin mayında verilib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗