Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Cəlal Yusifzadə — həyatı və yaradıcılığı.
Mirzə Cəlal Yusifzadə 1862-ci ildə Şuşada doğulub,İlk təhsilini orada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. Sonradan təhsilini Təbriz şəhərində mədrəsədə davam etdirib. Ölkəyə qayıtdıqdan sonra bir müddət pedaqoji fəaliyyətlə məşğul olur.
Həmçinin bədii yaradıcılığa maraq göstərir, qəzəl və mənzum hekayələr qələmə alır."Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və digər qəzetlərdə "C. C. Y", "Cəlal Qarabaği", "Cəlal Yusifi", "Mirzə Cəlal Yusifzadə" və digər imzalarla çıxış edir.
6 mart 1911-ci ildə Mirzə Cəlalın librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynalın hazırladığı "Fərhad və Şirin" operası Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub. Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) qəzetini nəşr etməyə başlayıb. Bir müddət sonra onu Yeni Buxara şəhərində nəşr ediləcək ilk tacik qəzeti "Buxarayi-şərif"ə (Şərəfli Buxara) redaktor kimi dəvət edirlər.
O, 1912-ci ilin martından 1913-cü ilin yanvarınadək 153 sayı işıq üzü görən "Buxarayi-şərif" qəzetinə redaktorluq edir və qəzetin özbək türkcəsində "Turan" adlı, dörd səhifəlik, həftədə 3 dəfə çıxan əlavəsini çap etdirir. O, bununla tacik milli mətbuatının əsasını qoyub."Buxarayi-şərif"in ilk sayının işıq üzü gördüyü gün-11 mart tarixi Tacikistanda "Milli mətbuat günü" kimi qeyd edilir. 1913-cü ildə Bakıya dönən Mirzə Cəlal Yusifzadə "Sədayi-həqq" (1912–1915) və "İqbal" (1914–1915) qəzetlərində işləyib "Fərhad və Şirin" operasının "Səfa" dram cəmiyyəti tərəfindən yenidən tamaşaya qoyulmasına nail olub.
1918-ci ilin əvvəllərində Zaqafqaziya Seyminə üzv seçilib. Azərbaycan Milli Şurasının tərkibində "Müsavat" və demokratik bitərəflər qrupunda təmsil olunub. Azərbaycan Cümhuriyyəti dövründə "Azərbaycan" qəzeti ilə fəal əməkdaşlıq edib.
Cümhuriyyətin süqutundan sonra Cəbrayıl qəzasında və Bakıda müəllim kimi fəaliyyət göstərib. 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayda oğlu Əli Yusif katib kimi özü isə tərcüməçi kimi iştirak edib. Mirzə Camal Yusifzadə "Difai" Partiyasının Qaryagin şöbəsinin üzvü idi.
Erməni silahlılarına qarşı camaatın müdafiəsini təşkil etmişdi. Mirzə Cəlal Yusifzadə haqqında ilk dəfə yığcam və səhih məlumata Azərbaycan ədəbiyyatında Mir Möhsün Nəvvabın 1892-ci ildə hazırladığı "Təzkireyi-Nəvvab" kitabında rast gəlirik. M.
Ə. Rəsulzadə 20 yanvar 1914-cü ildə "Fərhad və Şirin" operası haqqında "İqbal" qəzetində dərc etdirdiyi resenziyasında M. C.
Yusifzadəni "münəvvər bir alim və vazeh məlumata sahib bir şərqşünas" adlandırıb. Mirzə Cəlal Yusifzadənin ilk həyat yoldaşı Leyla dünyasını dəyişdikdən sonra ikinci dəfə Ziba xanımla ailə qurub. Onun ilk evlilikdən Əli Yusif adlı bir oğlu, Səhba və Şəhla adlı iki qızı olub.
İkinci evlilikdən isə Alim Yusifzadə adlı oğlu dünyaya gəlib. Oğlu Əli Yusif Cümhuriyyətin xaricə göndərdiyi 100 tələbədən biridir, 1919-cu ildə Parisdə hüquq təhsili almağa göndərilib. 1937-ci ildə repressiyaya məruz qalıb.
Mirzə Cəlal Yusifzadə 1931-ci ildə Bakıda vəfat edib… ALLAH RƏHMƏT ELƏSİN!
