Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Heydər Nəcəf oğlu Hüseynov — həyatı və yaradıcılığı.
Heydər Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də İrəvanda doğulub. Ailədəki altı uşağın kiçiyi olub. Heydər anadan olandan az sonra atası vəfat edir.
Böyük qardaşı Yusif 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldükdən sonra ailələri əvvəl Batuma, sonra Stavropola, axırda Bakıya köçürlər. Heydər Hüseynov yalnız 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olur. 1927–1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olur, ərəb və fars dillərinə mükəmməl yiyələnir.
Əmək fəaliyyətinə 1924-cü ildən başlayır. 1931-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ictimai elmlər fakültəsinin qiyabi şöbəsini bitirir. 1931–1932-ci illərdə Azərbaycan Elmi -Tədqiqat İnstitutunun aspirantı olur. 1936–1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialı Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru işləyir.
1939–1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini, 1945–1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olur. 1943–1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin əvvəl marksizm-leninizmin əsasları, sonra fəlsəfə kafedrasının müdiri, 1945–1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru olur. 1930-cu illərdə Azərbaycan dilində fəlsəfəyə aid "Dialektik materializm", "Dialektika və metafizika", "Dialektika və tarixi materializm" adlı ilk dərsliklərini filosof Əhməd ağa ilə birlikdə yazmışdı. O, fars dilində sərbəst danışırdı. 1932-ci ildən başlayaraq müxtəlif ali məktəblərdə fəlsəfədən dərs deyir. 1936-cı ildə Azərbaycan Sovet Ensiklopediyasının hazırlanmasında iştirak edir, 1940-cı ildə isə baş redaksiyaya rəhbərlik edir. 15 iyun 1939-cu ildə Tiflis şəhərində "M.
F. Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını müdafiə edir. 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə edir və professor elmi adını alır.
Heydər Hüseynov tarix və fəlsəfə elminin inkişafına böyük töhfə verib. O, Azərbaycan tərcümə məktəbinin əsasını qoyub, ilk azərbaycan-rus və rus-azərbaycan lüğətinin redaktorlarından olub. 100-dən çox elmi məqalə yazıb. Bəhmənyar, Nizami Gəncəvi, Füzuli, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi haqqında ciddi tədqiqat işləri aparıb.
Həmin dövrdən Heydər Hüseynov 733 səhifəlik " XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikrin tarixi haqqında" fundamental əsər yazır və 1950-ci ilin mart ayında növbəti Stalin mükafatını alır.(1948-ci ildə birinci dəfə Stalin mükafatı almışdı). Heydər Hüseynovun yaradıcılığında mühüm yer tutan "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" adlı kitabı rus dilində yazılıb, əsər ilk dəfə 1949-cu ildə, ikinci dəfə 1958-ci ildə müəyyən ixtisarlarla çap edilib. Kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə çapdan çıxıb.
Heydər Hüseynovun elmi fəaliyyətinin mükafatlandırılmasına baxmayaraq, ona qarşı respublika rəhbərliyində dözümsüzlük başlayır, şəxsən Mircəfər Bağırov tərəfindən kəskin tənqid edilir. 1950-ci ilin mayında Kommunist Partiyasının MK Bürosunun iclasında ciddi tənqid edilir. Onun XIX əsrdə Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilir.
Kitabın müqəddiməsində qeyd olunur ki, "İmam Şamil mütərəqqi və demokratik bir lider, həmçinin azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir (…), Şamil millətçi hərəkatın nümayəndəsi idi və türk sultanı ilə ingilis kapitalizm maraqlarına xidmət edən şəxs olub". Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında onun aldığı Stalin mükafatlarından məhrum edilməsi vəsadətini qaldırır və vəsadət təmin edilir. H Hüseynov Kommunist Partiyasından çıxarılır və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir.
Dövlət orqanları və bəzi həmkarları tərəfindən əsassız təqiblərə məruz qalır. Təzyiqlərə dözməyən və həbs ediləcəyini təxmin edən filosof 15 avqust, 1950-ci ildə damarlarını kəsməklə intihar edir… RUHU ŞAD OLSUN!
