Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mirzə Davud Bağır oğlu Hüseynov — həyatı və yaradıcılığı.
Mirzə Davud Bağır oğlu Hüseynov 1894-cü ilin martında Bakıda doğulub. 1906-cı ildə ödənişsiz şəhər məktəbini bitirib və Bakı Realnı məktəbinə daxil olub. Bu dövrdə baş vermiş Rusiya inqilabı onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Şəhərdə baş verən nümayiş və çıxışlarda Mirzə Davud Hüseynov yaxından iştirak edir.
O, məktəbdə gizli müsəlman şagird dərnəyi təşkil edir. Bu dərnəkdə siyasi mühazirələr oxunur, siyasi tarix öyrənilirdi. 1913-cü ildə oranı bitirərək Moskva Kommersiya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olur. 1917‐ci ildə Bakıya qayıdır.
1918-ci ilin noyabrından Rusiya Kommunist (bolşeviklər) Partiyasına üzv olur. 1918–1919-cu illərdə bolşevik "Hümmət" təşkilatının əvvəl sədr müavini, sonra isə sədri, RK(b)P-nın Bakı komitəsinin və partiyanın Qafqaz Ölkə Komitəsinin üzvü olur. O, eyni zamanda bu dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin Maliyyə Nazirliyində şöbə müdiri vəzifəsində çalışır.
1919‐cu il mayın 6‐12‐də Bakı proletariatının tətili baş verdi. Tətilin əsas səbəbi ingilis komandanlığının denikinçilərə su və dəmiryolu ilə silah göndərməsinə qarşı yönəlmişdi. Tətil zamanı bütün mədən, zavod, fabrik, elektrik stansiyaları və s.
yerlərdə işlər dayandırıldı. Tətilin təşkilatçılarından biri Mirzə Davud Hüseynov idi. AXC hökuməti tətilin təşkilatçılarını və fəal iştirakçılarını təqib və həbs etməyə başladı.
Tezliklə həbs olunacağından xəbər tutan Mirzə Hüseynov gizli inqilabi fəaliyyətə keçir. 1919‐1920‐ci illərdə Sabunçu, Balaxanı, Suraxanıda fəhlələr arasında gizli təbliğati və təşviqati iş aparır. 1920‐ci il fevralın 11‐12‐də Bakıda gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının I qurultayı keçirilir. Qurultayın keçirilməsi və fəaliyyətində Mirzə Davud Hüseynov yaxından iştirak edir.
Qurultayda hazırkı vəziyyət haqqında məruzə edir. Qurultay AK(b)P MK‐nın Ə. Bayramov, D.
Bünyadzadə K. Ağazadə, V. Yeqorov, Ə.
Qarayev, B. Naneyşvili, H. Sultanov, Y.
Rodionov, M. Pleşakov, A. Yusifzadə, Mirzə Hüseynov və b.
ibarət tərkibini seçdi. Fevralın 12‐də keçirilmiş AK(b)P MK‐nın birinci plenumu Büro və Rəyasət Heyəti seçir. Mirzə Davud Hüseynov AK(b)P MK Rəyasət Heyətinin sədri təsdiq edilir.
O, 1930‐1933‐cü illərdə Tacikistan Kommunist Partiyası MK‐nın birinci katibi vəzifəsində çalışır. Tacik xalqının birinci beşillikdə qazandığı nailiyyətlərdə Mirzə Davud Hüseynovun da zəhməti böyük olur. O, Tacikistanın mərkəzi Stalinabadın elektrikləşdirilməsi və radiolaşdırılmasında, kollektivləşmənin genişlənməsində, savadsızlığın ləğvində xeyli iş görür.
Ömrünün son illərində Moskvada işləyir. 1934‐1937‐ci illərdə o, RSFSR Xalq Maarif Komissarlığında qeyri‐rus natamam və orta məktəblər idarəsi rəisinin müavini olur. Mirzə Davud Hüseynov RK(b)P Qafqaz Ölkə Komitəsinin təşəbbüsü nəticəsində yaradılmış Hərbi inqilabi qərargahın sədri kimi başqa inqilabçılarla bərabər AXC hökumətini devirəcək XI Qızıl ordu komandanlığı ilə birlikdə ordu hissələrinin və Bakı fəhlələrinin birgə hərbi əməliyyatı planının tərtibində fəal iştirak edib. 1920‐ci il aprelin 26‐da AK(b)P MK‐nın və Bakı Bürosunun birgə təcili iclası keçirilir və üsyana rəhbərlik etmək üçün Azərbaycan Müvəqqəti İnqilab Komitəsi yaradılır. Onun tərkibinə A.
Əlimanov, D. Bünyadzadə, Ə. Qarayev, Q.
Musabəyov, N. Nərimanov və H. Sultanovla birlikdə Mirzə Hüseynov da daxil olur.
Mirzə Davud Hüseynov N. Nərimanov Bakıya gələnə kimi rəsmi olaraq istər Azərbaycan Müvəqqəti İnqilab Komitəsinə, istərsə də Azərbaycan SSR XKS-ə sədrlik edir, Azərbaycan MİK və Azərbaycan SSR XKS‐nin verdiyi dekret və sərəncamları imzalayir. 1920‐ci il mayın 5‐də Mirzə Hüseynovun sədr kimi ilk imzaladığı dekretlərdən biri Azərbaycan kəndlilərinin uzun illərdən bəri həsrətində olduğu torpağın onlara verilməsi haqqında dekret idi.
Mirzə Davud Bağır oğlu Hüseynov 1938-ci ildə Stalin repressiyasının qurbanı olur. O, Fətəli xan Xoyskinin qızı Tamara xanım Hüseynova-Xoyskaya ilə ailə həyatı qurmuşdu. Bu isə ayrı bir araşdırmanın mövzusudur.
Bizi izləyin…
