Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səməd Ağaoğlu — həyatı və yaradıcılığı.
Səməd Ağaoğlu 1909-cu ildə Bakıda doğulub. Körpə ikən atasının Türkiyəyə mühacirəti ilə ömrünü, taleyini bu ölkəyə bağlamalı olub. Ankarada hüquq fakültəsini bitirdikdən sonra bir müddət Strasburqda işləyib.
Bu illərdə yaradıcılığa başlayıb, ilk qələm təcrübələrini sınaqdan keçirib. Sonralar Fransada keçən illərini "Strasburq xatirələri" adlı kitabında əks etdirib. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışmış, 3 dəfə millət vəkili seçilib, ticarət naziri olub.
Siyasi baxışlarına görə bir müddət həbsdə yatıb, azadlığa çıxdıqdan sonra ömrünün sonlarına qədər bədii-publisistik yaradıcılıqla məşğul olub 1960-cı ildə Calal Bayar-Adnan Menderes işinə görə, yəni 1960-cı il, 27 may dövlət çevrilişi ilə əlaqədar ömürlük həbs cəzasına məhkum olunub, 1964-cü ildə amnistiyaya düşüb. Ağaoğlu Səməd Əhmədbəy oğlu 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət edib. Səməd Ağaoğlunun bədii irsi əsasən 1944–1965-ci illər arasında nəşr olunmuş "Strasburq xatirələri", "Hürriyyət", "Öyrətmən Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" adlı məcmuələrdə toplanıb.
Bundan əlavə, onun on beşə qədər kitabi çap olunub ki, ("Tanış izlər", "Dostum Menderes", "Sovet Rusiya Imperatorluğu", "İki partiya arasında fərqlər", "Demokrat partiyasını doğuluş və yüksəliş səbəbləri", "Qüvveyi-milliyyə ruhu" və s.) bunlar başlıca olaraq ədəbi-tənqid, siyasi-hüquqi araşdırmalar, xatirələr və səyahətnamələrdən ibarətdir. Səməd Ağaoğlu dəmir pərdənin hökm sürdüyü ən çətin dövrdə-1967-ci ildə Azərbaycana gəlib, "Sovet Rusiya İmperatorluğu" kitabının fəsillərindən birini doğma vətəninə həsr edib. Səməd Ağaoğlunun yaradıcılığında xüsusi yer tutan və bu gün Azərbaycan ədəbi-nəzəri fikri üçün aktuallıq kəsb edən əsərləri atası-görkəmli ictimai-siyasi xadim-Əhməd bəy Ağaoğlu haqqında xatirələridir.
"Atamı xatırlarkən" və "Atamın dostları" adlı iki kitabdan ibarət bu xatirələr Türkiyədə nəşr olunub. Səməd Ağaoğlu 1982-ci ilin avqust ayının 6-da, 73 yaşında vəfat edib. İstanbuldsa, Feriköy məzarlığında dəfn olunub…
RUHU ŞAD OLSUN!
