Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Sürəyya Ağaoğlu — həyatı və yaradıcılığı.
Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada doğulub. Atası tanınmış yazıçı və siyasətçi Əhməd Ağaoğlu, anası isə Sitarə xanımdır. 5 uşaqlı ailənin böyük uşağı olan Sürəyya xanım atası ilə birlikdə 1910-cu ildə Türkiyəyə mühacirət edib. Uşaqlıq və gənclik illəri Türkiyə milliyyətçi ocaqları və Mustafa Kamal Paşanın yaxın dostları arasında keçib.
Bir neçə dəfə atası Əhməd bəy Ağaoğlu ilə birlikdə Mustafa Kamal Atatürklə şəxsən görüşub. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan Sürəyya Ağaoğlu İstanbul Universitetinin Hüquq Fakültəsini bitirdikdən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olub. 1950-ci ildə Alman hüquqşünas Werner Taschenbreker ilə ailə qurub. Lakin, bu izdivacdan onların övladı olmayıb.
Sürəyya Ağaoğlu, Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitetlər Dərnəyinin həmtəsisçilərindəndir. İstanbul Qız Liseyində təhsil aldığı illərdən vəkil olmaq arzusu ilə yaşayan Sürəyya Ağaoğlu 1920-ci ildə həmin Liseyi bitirir. 1921-ci ildə İstanbul Universitetinin hüquq fakültəsinə sənədlərini təqdim etmək üçün müraciət etdikdə problemlə qarşılaşır. Həmin dönəmdə hüquq fakültəsində qadın tələbə olmadığı üçün İstanbul Universiteti rektoru Haldun Taner ona kömək edə bilmir və o, rektorun atası Səlahəttin bəyə müraciət etmək qərarına gəlir.
Türk qadınlarının çarşabda gəzdiyi bir vaxtda Sürəyya Ağaoğlunun stereotipləri dağıdaraq vəkil olmaq üçün hüquq fakültəsinə qəbul olmaq niyyəti ictimaiyyət tərəfindən qeyri-adi qarşılanır. O, Səlahəttin bəyə hüquq fakültəsinə qəbul olmaq istədiyini dedikdə otaqda olan şəxslər bu təklifi qəhqəhə ilə qarşılayırlar. Lakin, Sürəyya xanımın təkidi və özü kimi 2 nəfər vəkil olmaq üçün müraciət edən xanımları (Melahat və Bedia) təqdim etdikdə onlar ayrıca fakültə açmaq məcburiyyətində qalırlar.
Amma günortaya qədər kişi tələbələrə günortadan sonra isə qadın tələblərə dərs keçirdilər. 1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun "Pera-Palas" hotelinin önündə AXC-nin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.
Sürəyya xanım hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə "Bir ömür də belə keçdi" adlı memuarında yazır:"Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı.
Lakin, prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlokyan gecə ikən qaçırıldı". Məhkəmədən illər sonra Sürəyya Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür.
Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. Sürəyya Ağaoğlu bir sıra qeyri-hökumət təşkilatlarının təsis olunmasında yaxından iştirak edib. Sədri olduğu Türkiyə Qadın Hüquqşünaslar Dərnəyi, Universitet Qadınlar Dərnəyi, Azad Fikirlərin Yayılması Dərnəyi, Türk Amerika Universitetləri Tələbələri Dərnəyi və eyni zamanda təsisçisi olduğu etdiyi Uşaq Dostları Dərnəyi və s .
O, "Londonda gördüklərim" və "Bir ömür də belə keçdi" kitablarının müəllifidir. 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat edib. 2003-cü ildə Sürəyya Ağaoğlunun 100 illik yubileyinə həsr olunmuş gümüş xatirə sikkələri buraxılıb. 2023-cü ildə Bakıda Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr edilən "Gender bərabərliyi beynəlxalq insan hüquqlarının hissəsi kimi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə hər il Bakıda "Sürəyya Ağaoğlu adına Vəkillərin Beynəlxalq Forumu"nun keçirilməsi nəzərdə tutulur… RUHU SAD OLSUN!
