Kərim İbadulla oğlu Zeynalzadə (Odər) — həyatı və yaradıcılığı

Şrift
Kərim İbadulla oğlu Zeynalzadə (Odər) — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Kərim İbadulla oğlu Zeynalzadə (Odər) — həyatı və yaradıcılığı.

Kərim İbadulla oğlu Zeynalzadə (Odər) 1901-ci ildə Bakıda doğulub. Bakı Ticarət Liseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində Özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın dost olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi.

1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin, sonradan bolşeviklərin ölkəni terror rejimi ilə idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalır. 3 ilə qədər Tiflisdə qalan Kərim Odər orada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında 7 ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib.

1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. O, bir müddət "Müsavat" Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisinin başqanı olub, eyni zamanda, Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin Başqanı Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz Başqanlığı da Kərim Odərə tapşırılıb.

Onun "Azərbaycan" dərgisində və digər mətbu orqanlarda çoxlu sayda məqalələri, yazıları vardır. "Azərbaycan ekonomisi" və "Azərbaycan" adlı əsərləri böyük maraq doğurur. Kərim Odər böyük zəhmətlə yazıb çapa hazırladığı "Azərbaycan" kitabının çapını görə bilmədi.

Türkiyədə bu kitabın "Milli bir Kültür Politikasına qovuşulmamış olması" səbəbi ilə nəşri gecikdirirdi. Kərim Odər 1981-ci il, noyabrın 19-da Ankarada vəfat edib, Feriköy məzarlığında dəfn edilib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗