Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Teymur Atəşli — həyatı və yaradıcılığı.
Teymur Atəşli 1923-cü il, iyunun 15-də Bayıl həbsxanasında doğulub. Bakıda orta məktəbi bitirdikdən sonra, 1939-cu ildə Azərbaycan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin alman filologiyası şöbəsinə daxil olub. İkinci kursda oxuyarkən səfərbərliyə cəlb olunaraq İkinci Dünya müharibəsində iştirak etmək üçün Polşa cəbhəsinə göndərilib. 1942-ci ilin iyun ayında 2 rus komissarını öldürərək əvvəlcədən razılaşdığı 20 əsgərlə birlikdə hərbi hissəni tərk edib.
Daha sonra almanlar tərəfə keçərək burada Berlin Zabitlər Məktəbində xüsusi kurs keçir. Buranı leytenant rütbəsi ilə bitirdikdən sonra SS birliyinə təyinat alır. Bir sıra hərbi əməliyyatlarda iştirak edərək baş leytenant rütbəsi alır.
Müxtəlif gizli əməliyyatlarda iştirak edib. Polkovnik-leytenant Kalnov və kapitan Puqaçevskinin aradan götürülməsində iştirak edib. Daha sonra 70-dən çox sovet əsgərini öldürüb bölük komandirini ölümdən xilas etdiyi üçün "Dəmir xaç" ordeni ilə mükafatlandırılıb. 95 gün Stalinqrad döyüşlərində iştirak edib.
Yaralanaraq SSRİ ordusuna əsir düşür. Əsirlikdən qurutularaq alman əsirlərlə birlikdə Almaniyaya aparılır. Bir neçə il Mitenvald Qaçqınlar Düşərgəsində yaşayıb.
Burada bir alman xanımla ailə həyatı qurub. Türkiyə hökumətinin himayəsi ilə 1949-cu il fevralın 12-də xanımı ilə birlikdə İstanbula köçüb. Daha sonra Türkiyənin Adapazarı ilinə köçüb.
İngilis, alman və rus dillərini bildiyinə görə xarici dil müəllimi kimi və notariat qurumlarında, məhkəmələrdə andlı tərcüməçi kimi fəaliyyət göstərib. Sakaryaya gəldiyi ilk gün "Aç qoynunu, ana Vətən" adlı şerini yazıb. "Arşın mal alan", "Məşədi İbad" əsərlərini tamaşaya qoyaraq, özü də aktyor kimi çıxış edib.
Müxtəlif vaxtlarda azərbaycanlıların milli mübarizə orqanı olan "Azərbaycan" dərgisində şeirləri dərc olunub. Ankarada nəşr olunan "Mücahid" jurnalında Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında xronoloji məlumat verib. "Ya istiqlal, ya ölüm" adlı mənzum dram əsərini yazdığı barədə məlumatlar olsa da bu əsərin sonrakı taleyindən xəbər yoxdur.
1954-cü ildə Əbdürrəhman bəy Fətəlibəyli öldürüldükdən sonra ona şeir həsr edib. 1956-cı il, yanvarın 15-dən fevralın 28-dək "Hürriyyət" qəzetinin ardıcıl 45 sayında "Stalinqrad cəhənnəmində 95 gün çarpışan türk" adlı döyüş xatirələri çap olunub. 1961-ci ildən etibarən Sakaryanın yerli "Axşam Xəbərləri" qəzetinin redaksiyasında müdir olub.
Bu qəzetdə "Xalqdan bir səs" sütununda milli ruhlu şeirlərini dərc etdirib. Hicran Səsləri", "Ana", "Rübailər" və "Qəzəl" adlı kitabları işıq üzü görüb. 1976-cı il noyabrın 7-də Sakaryada işlədiyi "Axşam Xəbərləri" qəzetinin mətbəəsində ürək tutmasından vəfat edib.
Adapazarında dəfn olunub. Kamal Atəşli və Çingiz Atəşli adlı oğulları olub. Böyük oğlu Kamal Atəşli 1969–1972-ci illərdə Sakaryaspor klubunun futbolçusu olub.
2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasında “Teymur Atəşli. Seçilmiş əsərləri” kitabı çap olunub. Kitabda Teymur Atəşlinin şeirləri, “Stalinqrad cəhənnəmində 95 gün döyüşən türk” adlı müharibə xatirələri, “Tuzaq” pyesi və publisistik məqalələri yer alıb…
RUHU ŞAD OLSUN!
