Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Akim Əli oğlu Abbasov 25 may 1911-ci ildə Zəngəzur qəzasının Ərikli kəndində doğulub..
Akim Əli oğlu Abbasov 25 may 1911-ci ildə Zəngəzur qəzasının Ərikli kəndində doğulub. Əslən Cəbrayıl rayonunun Mehdili obasındandır. 1918-ci ildə 7 yaşlı Akim Abbasov anasını itirir və 1920-ci ildə ailə Babək rayonunun Nəzərabad kəndinə köçür, amma həmin il Akim Abbasovun atası da vəfat edir.
O, 1923-cü ilə qədər dayısı Ələkbər Ələkbərovun himayəsində böyüyür. Naxçıvanda olarkən 3 saylı Zəhmət məktəbinin uşaq evinə köçürülur və orada təhsilini bitirir. 1927-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Zaqafqaziya Hərbi hazırlıq məktəbinə daxil olur. 1930-cu ilin mayında təhsilini davam etdirmək üçün Tbilisiyə, Zaqafqaziya Quru qoşunlarının hərbi kurslarına yollanır və Kommunist Partiyasına üzv olur. 1932-ci ildə 77-ci dağ-atıcı taqımının komandiri, bir müddətdən sonra isə 4-cü dağ-atıcı alayının komandiri təyin olunur. Daha sonra 76-cı atıcı diviziyanın əməliyyat şöbəsinin qərargah rəisi olur.
1938-ci ilin əvvəllərində Naxçıvana qayıdır. 1940-cı ildə 76-cı atıcı diviziyaya göndərilir. 1941-ci ildə diviziya Cənubi-Qərb cəbhəsinə atılır.
Komandanlığın əmrinə əsasən Poltava vilayətinin Poltava-Xarkov dəmir yolu ətrafında müdafiə döyüşlərində diviziyanın 137-ci atıcı alayını mühasirədən çıxarır. 207-ci atıcı alayın komandiri vəfat etdikdən sonra alayın idarəsini öz üzərinə alır və Şoloxov istiqamətindəki əks-hücumda alaya komandanlıq edir. Əks-hücum zamanı düşmənin Şimali Don istiqamətinə atılır və 17 yaşayış məntəqəsi azad olunur, həmçinin Myasoyedova, İgumenko və s.
Hərbi əməliyyatı uğurla yerinə yetirdiyinə görə mayor hərbi rütbəsinə layiq görülür. 1942-ci ilin martında Şimali-Qafqaz cəbhəsinin komandanlığına göndərilir, 34-cü kursant briqadasının komandanlığını qəbul edir. Bir aydan sonra isə Zaqafqaziya cəbhəsinin komandanlığına göndərilərək 402-ci Azərbaycan atıcı diviziyasında əməliyyat şöbəsinin rəisi təyin edilir.
1945-ci ildə polkovnik Akim Abbasov Azərbaycan Dövlət Pedoqoji Universitetinin qiyabi fakultəsinə qəbul olunur. 1948-ci ildə «Atış» Ali atıcılıq kursuna göndərilir. 1949-cu ilin oktyabrnda həmin kursu bitirdikdən sonra 1953-cü ilədək 216-ci motoatıcı diviziyasının komandir müavini vəzifəsində xidmət edir.
1953-cü ilin oktyabr ayında Frunze adına Hərbi akademiyaya kurslara göndərilir. 1954-cü ilin noyabr ayında həmin kursu yüksək qiymətlərlə bitirərək hərbi təhsilini davam etdirmək üçün Hərbi Akademiyanın qiyabi şöbəsinə qəbul olunur və 1956-cı ildə həmin Akademiyanı fərqlənmə ilə bitirir. 1957-ci ildə SSR-i Nazirlər Sovetinin qərarı ilə Akim Abbasova general-mayor ali hərbi rütbəsi verilir.
1960-cı ilin sonunda 295 saylı motoatıcı diviziyanın (39486 saylı hərbi hissə) komandiri vəzifəsinə təyin edilir. Hərbi xidmət dövründə 2 dəfə "Qırmızı Bayraq" ordeni, 2 dəfə "Qırmızı Ulduz" ordeni, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "SSRİ Silahlı Qüvvələri veteranı" medalı, "Qafqazın müdafiəsinə görə" medalı, "Döyüş xidmətlərinə görə" medalı və bir çox fəxri fərmanlarla ilə təltif olunur. 1967-ci ilin iyun ayından 1979-cu ilədək Azərbaycan SSR-i Avtomobil sənayesi nazirinin müavini, 1982-ci ildən ömrünün sonunadək Mərkəzi komitə sədrinin sülhün müdafiəsi üzrə müavini vəzifələrində işləyir.
25 aprel 1989-cu ildən Bakı şəhər Müharibə veteranları komitəsinin sədri vəzifəsinə seçilir. Həmin ilin dekabr ayından Sovet müharibə veteranları komitəsinin plenumunun üzvü olur. 90-ci illərin əvvəllərində ölkədə baş verən özbaşınalıq, xaos onu dərindən narahat edir.
Həmin vaxt Bakıda baş verən hadisələr səbəbindən böyük narahatlıq hissi keçirmişdir. Erməni faşistlərinin 26 fevral 1992-ci ildə Xocalıda törətdikləri soyqırım xəbəri onu dərindən sarsıdır və ertəsi gün, fevralın 27-də bu vəhşiliyə dözməyib əbədiyyətə qovuşut. General Akim Abbasov Fəxri xiyabanda dəfn edilib…
Bakıda adına küçə var… ALLAH RƏHMƏT ELƏSİN!
