Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bakıda bu həbsxananın tikilməsi XIX əsrin 80-ci illərinə təsadüf edir..
Bakıda bu həbsxananın tikilməsi XIX əsrin 80-ci illərinə təsadüf edir. Müxtəlif mənbələrdə tikintisi 1874, 1880 və 1886-cı illərə aid edilən bu penitensiar müəssisə Bakı şəhərinin ilk həbsxana müəssisələrindən biri olan Bayıl həbsxana qəsridir. Qəsrin inşası haqqında Azərbaycan Respublikasının Dövlət Arxivində xeyli material var.
Əvvəllər at tövləsi kimi istifadə olunub. Rusiya imperatorunun 1 sentyabr 1885-ci ildə irəli sürdüyü təklifə əsasən Xəzər hərbi gəmiçiliyinin nəzdindəki aşağı rütbəlilərin ixtisara düşməsilə əlaqədar onların 62, 63, 64, 65, 66, 67 saylı ailə kazarmalarını müvafiq avadanlıqları ilə birgə həbsxanaya çevrilməkdən ötrü Vətəndaş İdarəsinə təhvil verildi. Məhz Bayıl burnundakı həmin kazarmaların əsasında müvafiq tələblərə uyğun bərpa işləri aparmaqla həbsxana binası qurulmalı idi.1888-ci il dekabrın 31-də Bakı Qubernatoru idarə heyətinin tikinti üzrə bölməsində Bakı 1-ci tacir gildiyasının qəyyumu tacir Musael Danilov-Şagedanov, andlıların səlahiyyətli nümayəndəsi Nikolay Karlov Qauzen Bakı Qubernatoruna cari ilin 18 noyabrında dinlənilmiş məsələ ilə əlaqədar bildirir: Bayıl burnunda 38484 rubl dəyərində həbsxana tikintisi Bakı Quberniya İdarəsinin 29 noyabr 1886-cı ildə Musael Şagedanov tərəfindən icraata qəbul edilmiş və bütün işlər heç bir şərtsiz 1888-ci il yanvarın 1-də başa çatdırılmalıdır.
Çünki, əvvəllər Krasilnikovun evində icarəyə götürülmüş otaqların müqavilə vaxtı 1 yanvar 1888-ci ildə başa çatır. Həmin müqavilə vaxtında icra olundu, çünki, tutulanlar, həbsdə olanlar yeni inşa olunmuş həbsxanaya bu ilin (1888-ci ilin) yanvar ayının 14-də keçirilmişlər və görülən işlərin tələblərə tam cavab verdiyi 31 dekabr 1887-ci ildə tərtib olunan aktla təsdiq olunur. Həbsxananın binası həbsxana müdiriyyətinin tabeliyinə 19 fevral 1888-ci ildə qəbul edilib.
Həmin dövrdə tərtib edilmiş sənəddə deyilirdi: 29 noyabr 1886-cı ildə bağlanmış müqaviləyə əsasən, podratçı öhdəsinə götürür: 1-ci bəndlə-Bayıldakı həbsxananı 400 nəfər həbsdə olan üçün tikir; 2-ci bəndlə-1 noyabr 1887-ci ilədək həmin podrata aid olan tikintiləri 1 yanvar 1888-ci ilədək başa çatdırır; 3-cü bəndlə inşaat işləri başa çatdıqdan sonra həbsxananın binası xüsusi siyahı ilə müdiriyyətin təyin etdiyi səlahiyyətli şəxsə təhvil verilir. Dekabrın 31-də vitse-qubernator, müşavir Ratçenko, direktor Şutski, dairə məhkəməsinin prokuroru, Bakı uyezd (dairə) hərbi rəisi, Bakı qubernatorluğunun həkimi, şəhərin polismeystri və baxıcısından (rəisindən) ibarət olan xüsusi komissiya həbsxananı istismara qəbul edir. 19 mart (1 aprel) 1911-ci ildə Bakıda nəşr edilən qəzetlərin redaksiyalarında polis və jandarma tərəfindən axtarış edilərək bir çox Azərbaycan jurnalisti həbs edilərək Bakı, daha sonra Bayıl həbsxanasında saxlanılıblar.
Əvvəlcə 1, 2 və 4-cü korpuslar, 1910-cu ildə 6-cı, 1923 və 1929-cu illərdə isə 3-cü və 5-ci korpuslar tikilib istifadəyə verilmişdi. 1920-ci ilə qədər bura Bayıl həbsxanası, sonralar isə 1-ci İslah Evi adlandırılır. Sonralar sovet hakimiyyəti illərində 1 saylı istintaq təcridxanası kimi fəaliyyət göstərib və tutumu 1500 nəfərlik olub.
"Fəryad" filmində İsmayılın həbsxanada olan səhnəsi Bayıl həbsxanasında çəkilib. Onun döyüldüyü, işgəncə verildiyi kamerayla üz-üzə olan kamerada vaxtilə İosif Stalin cəza çəkib. Bu həbsxanada cəza çəkən bəzi məşhurlar: M.
Ə. Rəsulzadə; Stalin; Ulmanis Karlis-Latviyanın 4-cü prezidenti; Vışinski Andrey Yanuaroviç -SSRİ-nin prokuroru (1935–1939), SSRİ-nin Xarici islər naziri (1949–1953); Talışinski, Mirfuad xan Həsən oğlu — Azərbaycan və Sovet hərbi xadimi, polkovnik; Babayan, Samvel- Qondarma DQR-in ilk müdafiə naziri və s. P.
S. Siyahıya kimi əlavə edərdiniz?
