Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bəkir Çobanzadə — həyatı və yaradıcılığı.
Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krımda, Tavrida vilayətinin Simferopol qəzasının Qarasubazar şəhərində doğulub. 14 yaşında ikən o, qeyri-adi zəkası ilə diqqəti cəlb edir. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi-"Sultaniyyə"yə təhsilini davam etdirməyə göndərir(1908–1918). İlk şeirlərini, "Anan harda?" poemasını tələbəlik dövründə qələmə alır.
İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənir, Türkiyədə "Müstəqil tatar Krımı" ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti"nin yaradıcılarından və rəhbərlərindən olur. Sonra Budapeşt universitetinin tarix-fılologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olur, doktorluq dissertasiyası müdafiə edir. Budapeştdə türk dilində çıxan "Şərq" qəzetinin redaktoru olur(1919).
"Krım", "Göy kitab" (İstanbul) məcmuələrində və "Şərq" qəzetində şeirləri dərc edilir(1918–1919). Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirir. "Türk ensiklopediyası"nda "Çoban oğlu", "Bəkir Baybək", "Bəkir Cavbək", "Bəkir Yaybək", "Çoban oğlu Bəkir Sidqi" imzaları ilə məqalələri dərc olunur.
Vətənə qayıtdıqdan sonra Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olur (1920–1922), eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışır. Krım universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyur və Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirir. Krım universitetinin rektoru olur.
S. Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilir. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparir, eyni zamanda Tavrida, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyur (1920–1936).
Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayır. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışir(1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparır, Moskvada təlimatçı kurslarında mühazirələr oxuyur (1928).
Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik edir, eyni zamanda Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışır(1924–1929). Moskvada Şərq xalqları İnstitutunun həqiqi üzvü seçilir(1928). Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləyir (1929).
SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının (1935) həqiqi üzvü seçilir. Paris Dilçilik Cəmiyyətinin üzvü olur. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, "Türk dilinin metodikası" (1932), "Elmi qramerin əsasları" (1932) kitablarını şərikli tərtib edir.
Dərin biliklərə malik, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır. Həmin gün Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilir, Pyatiqorsk həbsxanasına, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilir. Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilir.
1937-ci il oktyabrın 13-də hökm icra olunur. Bəkir Çobanzadənin dəfn yeri dəqiq məlum deyil. Bakıda adına küçə var…
RUHU ŞAD OLSUN!
