Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Süleyman Məmmədəli oğlu Məmmədov — həyatı və yaradıcılığı.
Süleyman Məmmədəli oğlu Məmmədov 1916-cı ildə Mərdəkanda doğulub. Atası Məmmədəli Qəhrəman oğlu 1937-ci ildə repressiya qurbanı olub, 1942-ci ildə həbs düşərgəsində dünyasını dəyişib. "Müsavat" Partiyasının üzvü olub.
Süleyman Təkinər 1940-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib və Gəncə Pedaqoji İnstitutunda fəaliyyətə başlayıb. 1942-ci ildə orduya çağırılıb, 1943-cü ildə əsir düşüb, vətəndən didərgin həyat keçirməyə məruz qalıb. Müharibə qurtarandan sonra Avstriyaya, oradan İtaliyaya, Misirə və Türkiyə hökumətinin əsirlikdə olan bütün azərbaycanlılara hərtərəfli köməyi nəticəsində 1949-cu il yanvarın 8-də Türkiyəyə gələ bilib.
Türkiyə vətəndaşlığı alıb. Təkinər təxəllüsünü də buradan götürüb(mənası Əmin adam deməkdir).1956-cı ilə qədər İstanbul millət kitabxanasında işləyib. Türkiyədə mühacirətdə olan M.
Ə. Rəsulzadə ilə görüşə bilib və qısa zamanda onun ən sevimli, ən ləyaqətli, ən etibarlı silahdaşlarından birinə çevrilib. M.
Ə. Rəsulzadənin dəfn mərasimində çıxış edən 3 azərbaycanlıdan biri S. Təkinər olub.
O,deyirdi ki, "Bakıda Məhəmməd Əminin adına layiq bir muzey yaradılarsa, candan artıq qoruduğum qiymətli sənədləri həmin muzeyə hədiyyə edəcəm". 1956-cı ildə Avropada "Azadlıq" radiosu təşkil ediləndə Azərbaycan Milli Mərkəzinin təklifi ilə Süleyman bəy Almaniyaya köçür və bu radionun yaradıcılarından biri kimi fəaliyyətə başlayır. Həmin vaxt Almaniyada Sovet İttifaqını araşdırma İnstitutu yaradılır.
S. Təkinər radioda çalışmaqla yanaşı, adı çəkilən institutda da baş mütəxəssis kimi fəaliyyət göstərir. Bu dövrdə 100-dən çox elmi, publisist, siyasi-ictimai yazılar hazırlayır, Türkiyədə çap olunan Türk Kültür Dərgisində və adıçəkilən institutun toplularında nəşr etdirir.
O,hələ 1956-cı ildə Azərbaycanda Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə əlaqədar adıçəkilən topluda "Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsi münasibətilə" adlı böyük məqalə ilə çıxış etmişdi."Azərbaycan istiqlal mübarizəsində Rəsulzadəsiz keçən 30 il", "Böyük siyasi orqanizator Rəsulzadə" və s. məqalələri çap edilib. Süleyman Təkinər Azərbaycanda gedən ictimai-siyasi məsələlərdən, Azərbaycanın rus imperiyasının müstəmləkəsinə çevrilməsindən, XI Qızıl Ordunun işğalçı siyasətindən, sərvətlərimizin talan edilməsindən və s.
bəhs edirdi. S. Təkinərin ən ümdə amalı Azərbaycanı azad-müstəqil görmək idi.
Qondarma Qarabağ problemi meydana çıxandan S. Təkinər müxtəlif qəzet və jurnallarda səsini ucaldıb. O, 1992-ci ildə Ermənistanın xarici işlər naziri Raffi Ovanisyanın Amerikaya səfəri zamanı irəli sürdüyü bir sıra əsassız iddiasından qəzəblənərək Qarabağ məsələsinə, Azərbaycana edilən haqsızlığa qarşı etiraz səsini ucaldaraq ABŞ-nin dövlət katibi Beykerə, Türkiyənin baş naziri Süleyman Dəmirələ və "Nyu York Tayms" qəzetinə açıq məktub göndərib.
Məktubda qondarma Qarabağ məsələsini, ermənilərin Azərbaycana qarşı etdikləri soyqırım məsələlərini, torpaqlarımızın hissə-hissə ermənilər tərəfindən işğal edilməsi tam dolğunluğu ilə açıqlanıb. S. Təkinər 52 il mühacir həyatı keçirdikdən sonra 1992-ci ildə vətəninə gəlib.
Dəfələrlə qeyd edirdi ki, "ömrümdə Bakıda keçirdiyim bu 1 ayı yaşamışam". Ömrünün son günlərinə kimi S. Təkinər qələmini yerə qoymayıb.
Azərbaycana həsr etdiyi əsəri tamamlamaq ərəfəsində idi. Lakin, əcəl ona imkan vermədi. 2006-cı ildə Almaniyada vəfat edib, nəşi İstanbula gətirilib, Qaraca Əhməd məzarlığında dəfn edilib…
RUHU ŞAD OLSUN!
