Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində doğulub..
Tofiq Qasımov 10 aprel 1938-ci ildə Ağdaş rayonunun Ləki kəndində doğulub. 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1960-cı ildə universiteti Stalin təqaüdçüsü kimi bitirib və EA Fizika institutuna göndərilib. Leninqrad şəhərində SSRİ EA-nın Fizika-Texnika İnstitutunda aspirant olub və 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb.
1970-ci ildən Azərbaycan EA-nın Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir. 1987-ci ildən siyasətlə məşğul olub.
Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından və onun proqram və nizamnaməsinin müəlliflərindən biridir. 1988-ci ilin mart-may aylarında Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə əməkdaşı ilə birlikdə Azərbaycan Xalq Cəbhəsinin Proqramının hazırlanmasında iştirak edib. 1989–1990-cı illərdən Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olub. Azərbaycan SSRİ xalq deputatı seçilib, Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin yanvarın 22-də çağırılmış fövqəladə sessiyasının işində iştirak edib.
Həmin sessiyada Sovet Ordusu və Daxili Qoşunlarının Bakıda törətdikləri cinayətləri tədqiq etmək üçün yaradılmış Azərbaycan Ali Sovetinin İstintaq Komissiyasına üzv seçilib. Azərbaycandan olan SSRİ Xalq Deputatları ilə iş aparmaq üçün AXC-nin İdarə Heyəti tərəfindən Moskvaya ezam edilib. Orada olduğu müddətdə 100-dən çox xarici televiziya, radio və mətbuat nümayəndələrinə Yanvar hadisələri, qaçqınlar və s.
hadisələrin mahiyyətini açıqlayıb. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 1992-ci il mayında Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub, 1993-cü ilin aprelinə qədər bu vəzifədə işləyib.
"Müsavat" Partiyasının bərpaçılarından biri olub və Heydər Əliyevin prezidentliyi zamanı da siyasi fəaliyyətini bu partiyada davam etdirib. T. Qasımov 1995-ci il sentyabrın 19-da həbs edilmişdi.
Ona qarşı qeyri-qanuni təşkilat yaratmaq, dövlət çevrilişinə çağırışlar etmək kimi ittihamlar irəli sürülmüşdü. Bundan əvvəl onun deputat mandatı da əlindən alınmışdı. 1996-cı il fevralın 22-də isə keçmiş nazir Tofiq Qasımov səhhətinə görə həbsxanadan buraxılmışdı. 1996-cı il mayın 22-də Ali Məhkəmə keçmiş nazirin sağlamlıq durumu barədə ekspertlərin rəyləri hazır olana qədər prosesin dayandırılması barədə qərar qəbul etmişdi.
Haqqında məhkəmə prosesi dayandırılandan sonra T. Qasımov bir müddət Türkiyə universitetlərində dərs deyib. Sonra Norveçə mühacirət edib.
Daha sonra isə İsveçrəyə köçüb. Tofiq Qasımovun 2 qız övladı olub. Vəfat edənə qədər həyat yoldaşı və qızları ilə İsveçrənin Lütsern şəhərində yaşayıb.
26 yanvar 2020-ci ildə İsveçrənin Lütsern şəhərində 81 yaşında vəfat edib və 27 yanvarda Lütsern şəhər qəbiristanlığında dəfn olunub… ALLAH RƏHMƏT ELƏSİN!
