Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Ənvər Məmmədov — həyatı və yaradıcılığı.
Ənvər Məmmədov 1923-cü il, avqustun 15-də Bakı şəhərində müəllim ailəsində doğulub. Atası Məmmədov Nazim Rauf oğlu həbs edilib və 1949-cu ildə həbsxanada vəfat edib. Ölümündən sonra bəraət alıb.
Anası, Olqa Alekseyevna İvanova makinaçı-kargüzar işləyib. Oğlu Məmmədov Georgi Ənvəroviç fövqəladə və səlahiyyətli səfir dərəcəsində diplomat olub. Yeddinci sinfi bitirdikdən sonra Ənvər Məmmədov çilingər köməkçisi işləməyə başlayıb, məktəbi bitirdikdən sonra isə 1941-ci ilin iyun ayında aviasiya məktəbinə müdavim kimi qəbul olunub.
Lakin, tezliklə zədə ilə əlaqədar məktəbdən xaric olunub. Bundan sonra Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. Böyük Vətən Müharibəsində iştirak edib.
1943-cü ildə ordudan xaric edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib. 1944–1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub.
1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1956-cı ilədək ABŞ, İngiltərə və Latın Amerikasına yayım üzrə Baş redaksiyanın baş redaktoru vəzifəsində işləyib.
Həmin il XİN-ə qayıdıb, 1959-cu ilədək SSRİ-nin ABŞ-dəki səfirliyində müşavir-nümayəndə (səfirdən sonra ikinci şəxs) və "USSR" jurnalının baş redaktoru vəzifəsində işləyib. 1959–1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olub. 1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilib.
1962–1985-ci illərdə SSRİ Dövlət televiziya və radio yayımları komitəsinin ("Qosteleradio") sədri Sergey Lapinin birinci müavini olub. Həmin vəzifədə işlədiyi dövrdə hazırda populyar olan bəzi sovet filmlərinin, o cümlədən "Baharın on yeddi anı" və "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmlərinin qadağan olunmasına mane olub. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak edib. Bu radio SSRİ-də yayımlanan qərb radioları ilə rəqabət aparmaq üçün yaradılmışdı.
1986–1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləyib. 90 yaşında "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisi kimi çalışırdı. İngilis, alman, italyan və fransız dillərini bilirdi.
Ənvər Məmmədov 7 sentyabr 2023-cü ildə 100 yaşında vəfat edib. 11 sentyabrda Troyekurov qəbiristanlığında dəfn olunub. 7 orden və 10 medalla təltif olunub…
ALLAH RƏHMƏT ELƏSİN!
