Nəriman bəy Nərimanbəyli — həyatı və yaradıcılığı

Şrift
Nəriman bəy Nərimanbəyli — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Nəriman bəy Nərimanbəyli — həyatı və yaradıcılığı.

Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində doğulub. Ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan gimnaziyasında alıb, 1908-ci ildə məzun olub. Moskva Universitetinin fizika-riyaziyyat, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxuyub. 1915-ci ildə ali təhsilini başa vuraraq Azərbaycana qayıdan Nəriman bəy burada vəkil olaraq çalışıb.

Aprel işğalından sonra təqiblərə məruz qalıb. Nəriman bəy Nərimanbəyli ilk dəfə 1923-cü ilin iyunun 21-də həbs edilib. O, Azərbaycan Fövqəladə Komissiyasının 390 saylı orderi əsasında (483 saylı əmrlə) həbsdən azad olunub.

Müstəntiqlər ondan daha çox "Müsavat" Partiyası ilə əlaqələri haqqında məlumatlar almağa çalışırdı. O, 1923-cü ilin oktyabrın 5-də Fövqəladə Komissiyanın 397 saylı orderi əsasında yenidən həbs olunur. Həbs anketində Zeynəb adlı həyat yoldaşının (25 yaş) olduğu da qeyd edilib.

Bu dəfə də ondan "Müsavat" haqqında sorğu-sual edirlər. Həbsxana həyatının çətinliyi səbəbi ilə Nəriman bəy Azərbaycan Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırova məktub yazıb görüş istəyir. Bu görüşdən sonra Nəriman bəy sovet istintaq orqanları ilə əməkdaşlığa razılıq sənədinə imza ataraq sərbəst buraxılır.

Nəriman bəy Nərimanbəyli 1925-ci ilin mayında üçüncü dəfə həbs olunur. Nəriman bəy Nərimanbəyli 1925-ci ilin iyunun 10-da "Bakı şəhərindən kənara çıxmamaq haqqında" sənədə qol çəkdikdən sonra növbəti dəfə həbsdən azad edilir. Amma onun hüquqları məhdudlaşdırılır, seçici hüququndan məhrum edilir, işdən uzaqlaşdırılır.

Nəriman bəy Xarkovda təhsil alarkən Azərbaycanlı Tələbə Həmyerlilər Təşkilatının rəhbərliyinə seçilmişdi. Onun iştirakı ilə cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri Birinci Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. 1917-ci ildə Nəriman bəy Bakıya köçür və "Müsavat" Partiyasının sıralarına daxil olur. 1917-ci ilin oktyabrında "Müsavat" Partiyasının I Qurultayının iştirakçısı olur.

O, Bakıya qayıtdıqdan sonra Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri olur. 15–20 aprel 1917 tarixlərində Bakıda keçirilən Qafqaz Müsəlmanları Qurultayında iştirak edir. 27 fevral 1918-ci ildə "Müsavat" üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilir, Müsəlman fraksiyasının, "Müsavat" və demokratik bitərəflər qrupunun üzvü olur.

27 may 1918-ci ildə isə AXC Milli Şurasının üzvü seçilir. Nəriman bəy, həmçinin İrəvan Milli Komitəsinin üzvü olub. O, Azərbaycanın İstiqlal Bəyannaməsinin lehinə səs verib və onu imzalayan 8 şəxsdən biri olub.

Nəriman bəy 7 dekabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvlüyündən birbaşa olaraq AXC Parlamentinin üzvlüyünə seçilir. O, parlamentdə 4 fevral 1919-cu ildə yaradılmış torpaq, təftiş, maliyyə və büdcə komissiyalarının üzvü seçilir. Parlamentin 13 may 1919 tarixli sayca 37-ci iclasında Nəriman bəy Nərimanbəylinin əvəzinə maliyyə komissiyasına Rza bəy Ağabəyov üzv seçilir və beləliklə o həmin komissiya üzvlüyündən çıxır.

14 mart 1919-cu ildə təşkil olunan I Yusifbəyli hökumətində Nəriman bəy Nərimanbəyli dövlət nəzarəti naziri postuna təyin olunur və hökumətin istefasına qədər bu vəzifədə çalışır. Nəriman bəy 1920-ci ilin mayından 1934-cü ilin iyuluna qədər müxtəlif fasilələrlə 13 fərqli təşkilatda işləmək məcburiyyətində qalır. O, 1920-ci ilin mayından 1921-ci ilin mayınadək Azərbaycan SSR Kənd Təsərrüfatı Xalq Komissarlığında xarici şöbənin katibi vəzifəsində çalışır.

Ən sonda isə 1934-cü ilin iyulunda Əli Bayramov adına fabrikdə hüquq məsləhətçisi kimi çalışıb. 1937-ci il repressiyaları zamanı Nəriman bəy Solovki əsir düşərgəsinə sürgün edilib və orada da vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗