Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mahmud Əbdülrza oğlu Əbilov — həyatı və yaradıcılığı.
Mahmud Əbdülrza oğlu Əbilov 1898-ci il sentyabr ayının 15-də Qusar rayonunun Ukur kəndində doğulub. Yeniyetməlik dövründə valideynlərini itirib və kənd rus məktəbində cəmi 2 sinif oxuyub. 1920-ci ildə XI Qızıl Ordunun tərkibində döyüş yoluna başlayan Əbilov Azərbaycanda və Gürcüstanda əksinqilabçı qüvvələrin darmadağın olunmasında iştirak edib.
Bakı(1920) və Tiflis hərbi məktəblərini bitirib(1930). Görkəmli hərbi xadim M. Əbilov ömrünün 36 ilini Vətənə xidmətə sərf edərək sıravi əsgərdən general-mayor rütbəsinədək yüksəlib, bir çox hərbi birləşmələrdə müxtəlif vəzifələrdə çalışıb Böyük Vətən müharibəsi başlayanda 146-cı əlahiddə atıcı briqadanın komadiri, 1943-cü ildə Kaluqa şəhərində 146-cı atıcı briqadasının əsasında təşkil edilmiş 70-ci atıcı diviziyasının komandiri vəzifələrinə təyin edilib, Pribaltika, Çexoslavakiya və Macarıstanda gedən döyüşlərdə rəşadət göstərib.
M. Əbilov faşizm üzərində qələbədən sonrakı illərdə bir sıra atıcı diviziyalara komandanlıq edib və 1955-ci ildə Sovet Ordusu sıralarından tərxis olunub. Lakin tərxis olunduqdan sonra da o, Müharibə Veteranları Komitəsində böyük iş aparıb.
SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü olub. M. Əbilov 2 dəfə “Qızıl Ulduz bayrağı”, 2-ci dərəcəli “Kutuzov” ordenləri ilə təltif edilib. 1972-ci il yanvar ayının 2-də vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı sərəncama əsasən general-mayor Mahmud Əbilovun 100 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Sərəncama əsasən Qusar şəhərinin mərkəzi parklarından birinə Mahmud Əbilovun adı verilib, burada onun büstü qoyulub. Generalın doğma kəndi Ukurda onun möhtəşəm abidəsi ucaldılıb, kənddəki məktəbə adı verilib.
2015-ci ildə faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə çəkilmiş “Kiçik kəndin böyük generalı” adlı sənədli film Mahmud Əbilova həsr edilib. Heydər Əliyev onun haqqında belə deyib:"Mahmud Əbilovun həyat fəaliyyəti, mərdliyi, cəsurluğu bugünki gənc nəsil üçün örnəkdir”… RUHU ŞAD OLSUN!
