Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Mahmud oğlu Kovxa (Mahmudov) — həyatı və yaradıcılığı.
Məhəmməd Mahmud oğlu Kovxa (Mahmudov) 1859-cu ildə Qazax qəzasının Daşsalahlı kəndində anadan olub. Xalq arasında Məmməd Kovxa kimi tanınan Məhəmməd bəy öz xeyirxah əməlləri ilə hələ general-qubernator vəzifəsinə təyin edilməmişdən əvvəl el-oba arasında böyük hörmət qazanmışdı. O,1914-cü ildə Avey dağından bulaq çəkdirmişdi.
M. Kovxa 1914-1920-ci illərdə erməni-daşnak dəstələrinə agır zərbə vuranlardan biri olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə türklərin köməyə gəlişi zamanı (1918-ci ilin iyununda) Qazaxın general-qubernatoru olmuşdu.
Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Məmməd Kovxa 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. O, AXC hökumətinin qərarı ilə general-qubernator vəzifəsinə təyin edilmişdi. General-quberator işlədiyi dövrdə (1919-cu ilin oktyabrınadək) Qazaxda ciddi qayda-qanun yaratmışdı.
Aprel işğalından sonra Məmməd Kovxa da repressiya qurbanlarından biri olan milli istiqlal fədailərimizdəndir. M. Kovxa Qazax qəzasında “Həqiqət ordusu” adlı antisovet təşkilatının fəal üzvü olub.
O, çox acı tale yaşayıb. 1926-cı ildən başlayaraq, sovet hakimiyyət orqanları onun ailəsini də repressiya etməyə başlamışdı. Özü oğlu Həmid ilə bir müddət Türkiyədə Sarıqamışda yaşasa da, ailəsinin repressiya edilməsinə dözməyərək, Qazaxa qayıtmışdı. 1929-cu il sentyabrın 14-də 70 yaşlı qocanı sovet hakimiyyətinin düşməni kimi Baş Dövlət Siyasi İdarəsinin (BDSİ) müstəntiqi Revaz Xaçikyan dindirmişdi.
M. Kovxa 1929-1933-cü illərdə sürgün həyatı yaşayıb. Qazaxın sabiq general-qubernatoru olan Məhəmməd Kovxanın 1933-cü ilin payızında 74 yaşında sürgündə ürəyi partlayıb və vəfat edib.
Oğlu Həmid bəy Qori Müəllimlər Seminariyasında təhsil alıb. Milli azadlıq hərəkatında fəal rol oynayıb, "Müsavat" Partiyasının bölgədə nüfuzlu gənc liderlərindən olub. Gəncə hərbi məktəbinin ilk məzunlarından biri kimi sovet hakimiyyətinə qarşı mübarizə aparıb, bolşeviklərə qarşı müqavimət hərəkatını formalaşdırıb və dağlara çəkilib.
Ancaq təəssüf ki, bolşevik gülləsindən yan keçə bilməyib… RUHLARI ŞAD OLSUN!
