Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əmir xan Xoyski — həyatı və yaradıcılığı.
Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulub. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğludur. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində alıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator) çalışıb, aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə AXC-nin Daxili işlər nazirinin əvəzi, general-mayor M. S.
Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə.
Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olub, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
XInQırmızı Ordunun Bakını 1920-ci ilin 27 aprel işğal etməsi ərəfəsində Ə. Xoyski Quba qəzasının rəisi vəzifəsində idi. O, sovet hakimiyyətinə qarşı 1920-ci il 24 may-4 iyun tarixlərində Gəncədə baş vermiş üsyanda fəal iştirak etmişdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əmir xan Xoyski həbs və təqibdən yaxa qurtarmaq üçün Türkiyəyə mühacirət etmişdi. Sovet quruluşu dövründə, ömür boyu Azərbaycana qayıtmaq həsrəti ilə yaşayan, lakin bu imkandan məhrum olan Əmir xan Xoyski 1954-cü ildə Ankarada vəfat edib. Əmir xanın həyat yoldaşı Əfşan xanım Azərbaycanda qalmışdı.
O, Cənubi Azərbaycandakı Maku xanlarının nəslindən olan Cəfər xanın qızı idi. Əfşan xanım ərinin mühacirətindən bir neçə ay sonra vəfat edir. Əmir xan Xoyskinin 10 yaşlı oğlu Cəfər və 12 yaşlı qızı Bəyim xanım atasız və anasız qalaraq qohumlarının himayəsində yaşayırlar.
Onlar da böyüyəndə bütün Xoyskilər nəsli kimi təqiblərə və sürgünlərə məruz qalıblar. Öz familiyalarını da dəyişib Cahangirli soyadını daşımağa məcbur olmuşdular…
