Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məmməd Məmmədyarov — həyatı və yaradıcılığı.
Məmməd Məmmədyarov 1875-ci ildə Maştağada doğulub. 1902-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1903-cü il ümumi iyul tətilinin təşkilatçısı olub.
1917-ci ildən Bakı Sovetinin üzvü olub, Qırmızı qvardiyanın təşkilində fəal iştirak edib. "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının I cildinin 311-ci səhifəsində onun mart hadisələrindəki rolu haqqında yazılır: "Mart vuruşları günlərində M. Məmmədyarov, A.
Mikoyan … və başqa bolşeviklər sovet hakimiyyətini müdafiə edənlərin ilk sıralarında idilər. Müsavatçılarla vuruşmalarda A. Mikoyanın və M.
Məmmədyarovun dəstələri xüsusilə fərqlənmişdi. Bu dəstələr "dikaya diviziyanın" Nikolayevsk küçəsində (indiki İstiqlaliyyət küçəsi) "İsmailiyyə" binasında yerləşən qərargahına, habelə müsavatçıların səngər etdikləri İçərişəhərə hücum edirdilər". M.
Məmmədyarov özü həmin hadisələrdə iştirakı barədə yazır: "1918-ci ilin mart hadisələri baş verən zaman bizim qızıl qvardiyamız sayca hələ az idi. Mart hadisələri günlərində Maştağa mollaları məscidlərdə bolşeviklərə qarşı "müqəddəs müharibə" elan edirdilər. Onlar deyirdilər ki, dindarların düşməni olan bolşevikləri öldürmək günah deyil, deyirdilər ki, kim bolşevik Məmmədyarovu öldürsə, cənnətə düşəcək.
Bundan sonra Maştağa qoçusu Əzizin başçılığı ilə bir dəstə adam mənim mənzilimi mühasirəyə aldı və məni həbsxanaya saldılar" O, sonradan həbsxanadan qaçaraq Bakıya gəlir və S. Şaumyanın rəhbərliyi altında Bakı Kommunası ilə sıx əməkdaşlıq edir. AXC elan edildikdən sonra M.
Məmmədyarov Gəncə istiqamətinə hücuma keçən bolşevik qoşunlarının tərkibində vuruşub. Bu barədə belə yazılıb: "Bakı qəzasının Maştağa və Şubanı kəndlərində M. Məmmədyarovun və D.
Bünyadzadənin rəhbərliyilə azərbaycanlı kəndlilərindən dəstələr düzəldilmişdi". 28 iyul 1918-ci ildə Bakı Xalq Komissarları Soveti 1883–1892-ci illərdə anadan olmuş bütün vətəndaşların Qızıl orduya çağırılması haqqında əmr verir. Bu əmrin müsəlman əhali arasında həyata keçirilməsində M.
Məmmədyarov mühüm rol oynamışdı. Osmanlı-AXC qoşunları bolşevik hakimiyyəti altında olan ərazilərə hücüm edən vaxt Məmmədyarov müxalif mövqe tutur. O özü bu barədə belə yazır: "Caparidze yoldaş mənə məsləhət gördü ki, Maştağaya gedib özümün bütün sənədlərimi götürüm, ailəmi yerbəyer edim, sonra isə hamı ilə birlikdə Həştərxana yola düşmək üçün şəhərə qayıdım.
Mən Maştağaya gələrkən, artıq burada türk generalı Təlfüt paşanın qərargahı yerləşmişdi. Qoçu Əziz və onun köməkçiləri olan mollalar türklərin yanında fəxri adamlar idi. Onlar qərargaha xəbər verdilər ki, "bolşeviklərin başçılarından biri" olan Məmməd Məmmədyarov Maştağaya gəlmişdir.
Məni həbs etdilər və Paşanın yanına gətirdilər, o isə heç bir şey soruşmadan mənə 75 çubuq vurulmasını əmr etdi. Üçüncü gecə həmin zirzəmiyə on altı nəfər rus bolşevik yoldaşı gətirdilər, lakin onlar burada çox qalmadı. Onları apardılar və bir qədər sonra atəş səsləri eşidildi".
Məmmədyarov bu dövr haqqında yazır: "…Yoldaşlarımızdan çoxu bu işgəncələrə tab gətirə bilməyib dəyənək zərbəsindən öldulər… Sultan Əliyev həlak oldu. O, sözun tam mənasında qan aparmadan öldu. Nizami Səttar oğlu, Hacı Əli Məmməd oğlu, Fərəməz Həmzə oğlu, Ağaverdi və başqaları da aclıqdan və kötəkdən öldulər….".
Buna baxmayaraq Məmmədyarov özü sağ qalır. Daha sonra M. Məmmədyarov Gəncəyə göndərilir və məhbus kimi orda müxtəlif işlərdə işləyir.
Bir qədər sonra o, həbsdən qaçaraq yenidən Bakıya gəlir və burada inqilabi iş aparır. Bakı işğal olunduqdan sonra Maştağa kəndində XI Qızıl Orduya qarşı müqavimət güclü olduğuna görə komandan Ostrovskinin əmri ilə kənddə mühasirə vəziyyəti elan edilir və M. Məmmədyarov milli qüvvələri məhv etmək üçün Maştağaya göndərilir.
O Maştağaya gələn kimi kəndin ağsaqqallarını, mollalarını, din xadimlərini və kənddə böyük hörmət sahibi olan qoçu Əzizi həbs etdirib onlardan qisas alaraq hamısını güllələtdirir. O, sovet hakimiyyəti illərində müxtəlif vəzifələrdə çalışıb və 1933-cü ildə öz əcəli ilə vəfat edib. Qəbri Bakıda, Birinci Fəxri Xiyabandadır…
