İsa bəy Hacınski — həyatı və yaradıcılığı

Şrift
İsa bəy Hacınski — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə İsa bəy Hacınski — həyatı və yaradıcılığı.

İsa bəy Hacınski 1860-cı ildə Bakıda doğulub. Atasından miras qalan sahələrdə neft yataqları aşkar edildikdən sonra İsa bəy 1903-cü ildə şəxsi neft şirkətini yaradır. Onun Bibiheybətdə zəngin neft mədənləri var idi.

Xəzər dənizindəki Çələkən yarımadası onun və qardaşı Kazım bəyin ixtiyarında idi. İsa bəyin Qara şəhərdə kerosin zavodu var idi. Hacinskilərin şəhərdə bir neçə yerdə mülkləri vardı.

Bunlardan ən əzəmətlisi "Hacinskinin evi" kimi tanınan və Qız qalasının yaxınlığında yerləşən binadır. İsa bəy Hacınski uzun illər ərzində "Neft sənayesi və ticarət" cəmiyyətinin sədri olub, şəhər dumasının deputatı və Bakı Şəhər rəisi yanında neft işləri üzrə şirkətin üzvü olub. Bakı bulvarının salınmasına çoxlu pul xərcləmişdi, ona görə də mülkünü məhz dəniz kənarında tikdirməyi qərara alır.

Bina 1914-cü ildə tikilib. İmarətin girəcəyində, iki tərəfdə mərmərdən yonulmuş aslan heykəlləri var idi. 1918-ci il mart hadisələri zamanı bu aslan heykəlləri düşmən qumbaralarından parça-parça olub. İsa bəy Hacınski binanın memarına vəd etdiyi məbləğdən artıq pul verir.

Məbləğ o qədər böyük olur ki, həmin memar Almaniyanın Berlin şəhərində bir imarət ucaldır. İsa bəy Bakı Kişi gimnaziyasının fəxri himayədarı olub. O, gimnaziyanın hesabına hər il 800 rubl əvəzinə, 1000 rubl vəsait köçürürdü.

Gimnaziyanın azərbaycanlı məzunlarından 25 nəfər İsa bəyin şəxsi hesabına Rusiyanın müxtəlif şəhərlərinə təhsil almağa göndərilib. Hacinskilərin ilk yaşadıqları ev (indiki Füzuli, 39 ünvanında yerləşən bina- G. X.) məktəbə yaxın yerdə yerləşirdi.

O,məktəbin bütün xərcini öz üzərinə götürmüşdü, hətta şagirdlərin yay fəslində dincəlməsi üçün Pyatiqorsk yaxınlığında, Vladiqafqaz dəmir yolunun Karras stansiyası ərazisində boş torpaq sahəsi alıb, orada gözəl bir mülk də tikdirmişd. Gimnaziya pullu idi, amma kasıb uşaqları burada pulsuz təhsil alırdılar. Gimnaziyada hümanitar elmlərə-tarix, latın, yunan və fransız dilləri dərslərinə xüsusi fikir verilirdi.

Hazırda bu binada Bakının 4 saylı şəhər xəstəxanası yerləşir. İsa bəy Hacinski 1918-ci il mart qırğınlarından sonra çox sarsılıb, evinə və biznesinə deyən zərər onun ölümünü tezləşdirir. 22 yanvar 1919-cu ildə Bakıda vəfat edib. İsa bəy Xeyrənnisə xanım Məhəmməd bəy qızı Xanlarova ilə ailə qurmuşdu.

Sadıq bəy, Əhməd bəy, Əli bəy adlı oğlanları, Zibeydə xanım adlı qızı vardı. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra oğlanları Sadıq, Əhməd və Əli bəy Fransaya köcür, qızı Zibeydə ilə həyat yoldaşı isə Bakıda qalırlar və sonralar buna çox peşman olurlar. Təmtəraqlı imarətlərindən 24 saat ərzində qovulan qadınlar Mərdəkandakı bağ evlərində də rahat yaşaya bilmirlər.

Bir həftədən sonra həmin evdən də qovulan ana-balaya qohumlarından heç kəs yardım etmək istəmir. Yalnız Xeyrənnisə xanımın yaxın qohumlarından biri onları küçədə qalmaqdan xilas edir və 1 otaqlı mənzildə milyonçu Hacinskinin qızına və həyat yoldaşına sığınacaq verir. Oğlu Sadıq bəy İsa bəy oğlu Hacınski 1887-ci ildə Bakıda doğulub. 1913-cü ildə Peterburq Universitetinin hüquq fakültəsində oxuyub. 1916-cı ildə Qazan universitetinin hüquq fakültəsini bitirib. 1919-cu ildə Fransaya mühacirət edib.

O, 1940-cı ildə Parisdə vəfat edib. Oğlu Əhməd bəy Hacınski 1917-ci il Bakı Şəhər Dumasına seçkilərdə Bakı Müsəlman İctimai Təşkilatları Şurasının 12 saylı siyahısında olub, lakin deputat seçilə bilməyib. 1918-ci ildə Bakı Şəhər İctimai Özünüidarəsinin üzvü seçilib."Kommunist" qəzetinin əməkdaşı olub. O,1897-ci ildə Qubada doğulub.

ADU-da oxuyub. "Gizli Müsavatın" rəhbərlərindən biri idi. 1923-cü ildə Dadaş Həsənov ilə birlikdə "Müsavat" MK-ya tabe olan hərbi təşkilatın yaradıcılarından biri idi. Həmin il birinci gizli təşkilatın darmadağın edilməsi ilə ikinci gizli təşkilatın yaradılması işi Əhməd bəy Hacınski və Dadaş Həsənova tapşırılmışdı.

Əhməd bəy Hacınski İkinci gizli "Müsavat" MK-nin katibi olub. 1926-cı il mart ayının 11-də "Müsavat"ın gizli təşkilatının üzvü kimi həbs edilərək sürgün edilir, 27 iyul 1937-ci ildə yenidən tutularaq güllələnir…

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗