Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Əliheydər Əliqulu oğlu İbrahimov — həyatı və yaradıcılığı.
Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya göz açıb. Zaqafqaziya hərbi məktəbini, sonra isə Birləşmiş süvari hərbi məktəbini bitirib, polk qərargahının rəisi olub. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı əsgər kimi göstərib, komandanlığın və şəxsi heyətin rəğbətini qazanıb. 1941-ci ildə alman-faşist işğalçıları SSRİ-yə hücum etdiyi vaxt Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, əsl qəhrəman kimi vuruşacağına and içir.
Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda diviziya komandiri vəzifəsinə təyin edilir. Şimali Qafqaz cəbhəsində, Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak edib, xeyli düşmən texnikasını məhv edib, düşmənin xeyli əsgər və zabitini əsir götürüb, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olub.
Əliheydər İbrahimovun komandirlik etdiyi diviziya Brest şəhərinin azad olunmasında misli görünməmiş qəhrəmanlıq göstərib. Onun diviziyası Brest şəhərinə birinci girib, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara alıb, hər iki gözünü itirib. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilib.
Hər iki gözünü itirməsinə baxmayaraq onun qəlbində düşmənə qarşı qəzəb və intiqam almaq hissi var idi. O, dəfələrlə bu sözləri təkrar edirmiş: "Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alıb qanımı yerdə qoymazlar". Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşmasına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı.
Vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis edirlər. Əzmkar hərbçi bu ağrılı həyatına 9 il dözür. 1953-cü il, noyabrın 6-da ömrünün 47-ci ilində həyatla vidalaşır.
Doğulub boya-başa çatdığı Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunur. 1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyulub. Son anlarınadək onun qayğısına qalan həyat yoldaşı Asya xanıma isə 1958-ci ilin 12 fevralında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəxri fərman verilir:"Sovet Ordusunun döyüşçüsü, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, qvardiya mayoru Əliheydər İbrahimova qulluq edərkən göstərdiyi fədakarlıq, diqqət və qayğı üçün Asya Səracəddin qızı Hüseynzadə yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilsin"…
