Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Bəşir bəy Aşurbəyov — həyatı və yaradıcılığı.
Bəşir bəy Aşurbəyov 1875-ci ildə Sabunçu qəsəbəsində doğulub. O,qəsəbənin əsas torpaq sahiblərindən olan Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu idi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft bumu başlananda Bəşir bəy böyük neft mədənlərinə sahib idi.
Bu mədənləri təkbaşına idarə etmək mümkün olmadığı üçün o, bu işə öz əmisi oğlanlarını da cəlb etmişdi. Bəşir bəyin birinci həyat yoldaşı da elə öz əmisi qızı Balaxanım idi. Onların Rübabə və Nağı adlı iki övladı dünyaya gəlmişdi.
Bakıda yaşasa da, onun Gədəbəyin Xınna dərəsi adlanan obada yaşayan və Yelizavetpol (Gəncə) quberniyasında böyük torpaq sahələri olan, Gəncə Şəhər Dümasının üzvü Allahyar bəy Zülqədərovla əlaqələri olub. Bəşir bəy Allahyar bəyin evində qonaq olarkən onun Nəzakət adlı qızını görüb bəyənir, elçi göndərir və onunla ailə qurur. O, 1901-ci ildə birinci ailəsi üçün Sabunçu qəsəbəsində bir imarət tikdirir.
Həyat yoldaşı Balaxanım iki övladı və qayınanası Cəvahir xanımla bu imarətdə yaşayır. Bəşir bəy özü isə Nəzakət xanımla Bakının keçmiş Kladbişenski-89 (indiki Mehdi Hüseyn küçəsi) ünvanında tikilmiş evə köçür. Onların bu evliliyindən 4 övladı-üç oğlan, bir qız dünyaya gəlir: Kazım, Məhəmmədhəsən, Midhət və Rəbiyyə.
O, qazancının müəyyən hissəsini xeyriyyə işlərinə xərcləyirdi. 1897-ci ildə Sabunçu qəsəbəsindəki məscidi də Bəşir bəy tikdirmişdi. O,1901-ci ildə Cənubi Azərbaycandan olan fəhlə uşaqları üçün Sabunçuda məktəb açır.
El arasında "Həmşəri məktəbi" kimi tanınan bu təhsil ocağının fəaliyyətinə uzun illər dəstək verir. 1911-ci ildə Müslüm Maqomayev Sabunçu məktəbinə müəllim təyin edilir. Bir müddət çalışdıqdan sonra Sabunçuda teatr yaratmaq qərarına gəlir.
Amma kəndin söz sahibləri ona mane olur. Bu zaman Bəşir bəy Sabunçuda teatrın yaradılmasında Müslüm Maqomayevə dəstək olur. 1925-ci ildə ilk Azərbaycan filmlərindən birinin çəkilişləri də Bəşir bəyin 1915-ci ildə Sabunçu vağzalı yaxınlığında yetim uşaqlar üçün tikdirdiyi və yerli əhali arasında "Putovski dvor" adlanan yerdə aparılıb.
Bəşir bəy Aşurbəyov Rusiyada Müsəlmanlıq Firqəsinin yaradıcılarından biridir. "İttihad" Partiyası Azərbaycan Parlamentində sayca ikinci böyük fraksiya idi. Onun əvvəlcə "Müsəlmanlıq" adlı qəzeti nəşr olunurdu.
Daha sonra Ceyhun bəy Hacıbəylinin redaktorluq etdiyi "İttihad" qəzeti partiyanın orqanına çevrilmişdi. Bəşir bəy bu mətbuat orqanlarının nəşrinə maliyyə yardımı göstərirdi. Mart soyqırmı zamanı Bəşir bəy Sabunçu qəsəbəsi sakinlərinin kütləvi qətllərdən qorunması üçün mübarizə aparıb.
O, Qoçu Yusif kimi tanınan xalası oğlu və digər yerli qoçularla birgə Sabunçu dairəsi yaxınlığında müdafiə mövqeləri qurur, ətraf kəndlərdən də əlisilahlı insanlar köməyə gəlir. Daşnakların Sabunçuya girməsinin qarşısı alınır. Beləliklə, Qafqaz İslam Ordusu gələnə qədər həm kənd sakinlərinin, həm də ərazidəki neft mədənlərinin mühafizəsi təmin olunur.
Sovet hakimiyyəti qurulandan sonra o, çox çətin tale ilə üzləşir. Qohumları təqiblərdən qurtulmaq üçün Türkiyəyə, İrana köçüb məskunlaşırlar. Ona da ailə üzvlərini götürüb ölkəni tərk etmək tövsiyə olunur.
Amma Bəşir bəy bütün var-dövlətini yeni hökumətə bağışladığından bolşeviklərin ona toxunmayacağını düşünür. Bəşir bəy Aşurbəyovun yeni hakimiyyətin Nəriman Nərimanov kimi təmsilçiləri ilə də çox yaxın münasibətləri vardı. Nərimanov kiminsə ona toxunmasına imkan verməyəcəyini bildirmişdi.
N. Nərimanovun vəfatına qədər həqiqətən kimsə Bəşir bəyə toxunmur. O, Sabunçu qəsəbəsində, bir vaxtlar xidmətçilərinin yaşadığı sadə bir komada ailəsi ilə birgə həyatına davam edir.
Ailənin Sabunçudakı imarətini sovet hökuməti onlardan alıb Qadın Klubuna çevirir. Bəşir bəy Aşurbəyli 1925-ci ildə tutulur və 5 illik həbs həyatından sonra, 1930-cu ildə Nargin adasında güllələnir. Bəşir bəyin nəvəsi Nəzakət xanım 1989-cu ildə Respublika Prokurorluğuna müraciət edir.
Babasının repressiya qurbanı kimi günahsız olduğu təsdiqlənir və 1991-ci ilin noyabrın 13-də Bəşir bəyə bəraət verilir… RUHU ŞAD OLSUN!
