Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizad…

Şrift
Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizad…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizad….

Şeyxülislam Axund Ağa Cavad oğlu Əlizadə (əsl adı: Zeynalabdin Molla Cavad oğlu Ağaəlizadə) 1871-ci il, oktyabrın 22-də Bakının Pirşağı qəsəbəsində, ruhani ailəsində doğulub. Atası Axund Hacı Məhəmməd Cavad dövrünün çox tanınmış din xadimlərindən və hörmətli ziyalılarından olub. Gəncliyində Ağa Əlizadə ali dini təhsil almaq üçün Bağdada göndərilir.

Bağdad Universitetinin ilahiyyat fakultəsini bitirdikdən sonra Nəcəf şəhərindəki Ali Dini Universitetə oxumağa gedir. 1896-cı ildə 25 yaşında Nəcəfdə Dini Universitetdə təhsili böyük uğurla başa vurub "Axund" rütbəsi qazanan Ağa Əlizadə doğma vətəninə qayıdır və İçərişəhər məhəllə məscidlərindən birinə təyinat alır. 32 yaşında "Təzəpir" məscidinə axund təyin edilir. 1904-cü ildə Axund Ağa Qafqaz müsəlmanları Şiə Ruhani İdarəsinin üzvü seçildi. 1907-ci ilin yayında Ağa Əlizadə Bakıda "Səadət" Müsəlman Ruhani Cəmiyyəti yaradır və onun sədri seçilir. Cəmiyyətin fəaliyyətində yazıçı Nəcəf bəy Vəzirov, milyonçular İsa bəy Aşurbəyov, H.

Z. Tağıyev və başqaları fəal iştirak edirdilər. 1907-ci ilin sentyabrında Bakıda "Mədrəseyi-Səadət" məktəbi açılır və Əli bəy Hüseynzadə məktəbə direktor təyin edilir. 1918-ci ildə Dini etiqad və sosial təminat naziri Musa Rəfibəyovun əmri ilə Axund Ağa Əlizadə Şeyxülislam təyin edilir.

O vaxt atası Hacı Cavad Əlizadə Bakı quberniya dini məclisinin sədri idi. Şeyxülislam 1918-ci ildə sələfi Məhəmməd Pişnamazzadə kimi Məşyəxəti-İslamiyyə İdarəsinin (AXC dövründə müsəlman ruhani idarəsi) sədrlərinə nazir səviyyəsində məvacib verilməsini və Mərkəzi Aparat üzvlərinin sayının 15 nəfərə çatdırılmasını tələb edirdi. Lakin bu təklif nəzərə alınmır.

Axund Ağa Əlizadə 1920-ci ilin mayın 12-nə kimi Şeyxülislam vəzifəsində çalışır. 1943-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fəaliyyətinə 1920-ci ildə xitam verilmiş Qafqaz Müsəlmanları Ruhani İdarəsi bərpa edildi və Ağa Əlizadənin İdarənin sədri seçilməsi üçün namizədliyi irəli sürülür. 1944-cü il mayın 25-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin birinci qurultayı çağrılır. 1944-cü il mayın 28-də keçirilmiş səsvermə zamanı Axund Ağa Əlizadə yenidən Qafqaz Şeyxülislamı seçilir. Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində təşkil olunmuş konfranslarda iştirakçısı olur və Sovet müsəlmanları adından nitq söyləyirdi.

1952-ci ildə SSRİ-də müharibədən sonra ilk dəfə Zaqorskda sülhü müdafiə məsələlərinə həsr edilmiş konfransın, 1952-ci ilin mayında Vyanada keçirilən Sülhü Müdafiə Konqresində təşkil olunmuş konfransının iştirakçısı olub. Ağa Əlizadə 1954-cü ilin dekabrında, 84 yaşında Bakıda vəfat edib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗