Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! Tarix dərsliklərində adı çəkilən,amma ətraflı məlumat verilməyən Əkbər ağa İbrahim oğlu Şeyxülislamov haqqında kiçik qeydləri nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, o, 1891-ci ildə İrəvan şəhərində doğulub.
Orta təhsilini İrəvan kişi gimnaziyasında başa vurduqdan sonra, 1912-ci ildə Peterburq Yol Mühəndisliyi İnstitutuna daxil olur. 1917-ci ildə Rusiyada fevral burjua inqilabı ilə əlaqədar olaraq ali məktəbi bitirmək haqqında diplomu almadan vətənə qayıtmalı olur. 1918-ci ilin fevralında Ə.
Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilir. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş müsəlman fraksiyasının tərkibindəki "Hümmət" Partiyasına daxil idi. Ə.
Şeyxülislamov Zaqafqaziya Seymi tərəfindən Osmanlı hökuməti ilə sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-də yaradılmış nümayəndə heyətinin tərkibinə daxil idi. O, həmçinin, Zaqafqaziya hökumətində daxili işlər nazirinin müavini vəzifəsini icra edib. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunur.
Əkbər ağa Şeyxülislamov bitərəf Fətəli xan Xoyskinin təşkil etdiyi birinci kabinetdə torpaq və əmək naziri vəzifəsini tutur. Həmin il iyunun 17-də kabinet bütövlüklə istefaya çıxdığı üçün tutduğu vəzifəni tərk edir. O, 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilir.
Parlamentdə Sosialistlər Fraksiyasının tərkibinə daxil idi. Ə. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləyir.
Ə. Şeyxülislamov 1918-ci il dekabrın 12-də Bakıda keçirilmiş siyasi partiyaların demokratik müşavirəsində "Hümmət" Partiyası adından çıxış edərək sosialistlərin hökumət tərkibinə daxil olmasını tələb edir. O, Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Azərbaycan nümayəndəliyinin tərkibində 1919-cu ildə açılacaq Versal sülh konfransında iştirak etmək üçün Parisə yola düşür.
Nümayəndəlik İstanbul, Neapol və Roma şəhərlərindən keçərək, 1919-cu ilin martında çətinliklə Parisə gəlir. Azərbaycan nümayəndəliyinin konfrans ərəfəsində burada çap etdirdiyi kitablar böyük əhəmiyyət kəsb edirdi. Fransızca buraxılmış "Qafqaz Azərbaycan Respublikası" kitabı Qərbi Avropa dillərində Azərbaycan haqqında ilk məlumat idi.
Əkbər ağa Şeyxülislamov 20-ci illərdə Parisdə Azərbaycandan "İnternasional"ın üzvü olur. O, İkinci dünya müharibəsinə qədər Parisdə rusca nəşr olunan "Azərbaycan" (№ 2) jurnalında "Azərbaycan necə quruldu?" adlı məqalə yazır. Bu yazıda 1918-ci ilin 26–28 may günlərində baş vermiş tarixi hadisələrin gedişi müfəssəl şəkildə işıqlandırılır.
Buna görə də həmin məqalə Ankarada nəşr olunan "Mücahid" (№ 49 – 50, 1962) jurnalında yenidən çap edilir. Əkbər ağa Şeyxülislamov 1961-ci il martın 2-də vəfat edib və Parisin yaxınlığındakı müsəlman qəbiristanlığında dəfn olunub. Öz dövrünün siyasi və ictimai xadimi Mustafa bəy Vəkilov Ceyhun bəy Hacıbəylinin dəfnində iştirak edərkən Əkbər ağa Şeyxülislamovun qəbrini də ziyarət edib.
O, Ceyhun bəyin vəfatının ildönümü münasibətilə "Mücahid" (№ 53 – 54, 1963) jurnalında çap etdirdiyi "Parisdə bir məzar daha" adlı məqaləsində yazır: "Bir az o tərəfdə Əkbər ağa Şeyxülislamov yatır…" RUHU ŞAD OLSUN!
