Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! Bu paylaşım izləyicimizlərdən birinin istəyi və göndərdiyi şəkillər əsasındadır. Bu məktub həm də Mədəniyyət Nazirliyinə göndərilib.
Gördüyünüz fotoların 3-5 min il əvvələ aid olduğu bildirilir. Güman edirik ki, müvafiq qurumlar bu məsələyə diqqət yetirəcəklər. Biz də bunu nəzərə alaraq Qobu haqqında bəzi faktları sizinlə bölüşürük.
Tarixçi Sara Aşurbəyli yazır ki, Qobu kəndi təxminən 700 il əvvəl yaranıb. Bu yaşayış məskəninin adı "çökəklik, müvəqqəti su axarı olan dərə, düzən" mənalarını verir. XVIII əsrin 40-cı illərində Bakı xanlığının tərkibinə daxil olan 39 kənddən biri də Qobu kəndi idi. 1747–1806-cı illərdə Bakı xanlığının Qobu kəndi, 1806–1920-ci illərdə isə Bakı quberniyasının Bakı qəzasının Qobu kəndi olub. 1870-ci ildə nəşr edilən "Rusiya İmperiyasının Qafqaz regionu üzrə məşkunlaşmış yerlərinin siyahısı" adlı statistik məlumatın 65-ci buraxılışında Bakı qəzasının yaşayış yerlərinin siyahısında 42-ci yerdə Qobu kəndi qeyd edilib.
Burada göstərilir ki, Qobu kəndi Şubanı dağlarının ətəyində yerləşir və quberniya şəhəri olan Bakı şəhərindən 15 verst məsafədə yerləşir və kənddə 183 ev var. Bu kənddə 499 nəfər kişi və 475 nəfər qadın yaşayır. 1892-ci ildə Sankt-Peterburqda çap edilən statistik nəşrin 61-ci cildində Bakı quberniyasının Bakı qəzasına aid olan kəndlərin siyahısında 41 kənd adı qeyd edilib və 22-ci yerdə Qobu kəndi göstərilir.
8 aprel 1929-cu ildə qəzalar birləşdirilərək dairələr yaradılır, Qobu kəndi Bakı dairəsinə daxil edilir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarı ilə respublika ərazisi 63 rayona bölünür və Qobu qəsəbəsi Bakı şəhərinin Molotov rayonuna daxil edilir. 1937-ci ildə Qobu kəndi şəhər tipli qəsəbə statusu alır. 26 iyul 1957-ci il tarixinə qədər Bakı şəhərinin Molotov rayonunun tərkibində olur. 26 iyul 1957-ci ildə Bakı şəhərinin Molotov rayonu Qaradağ rayonu adlandırılır. 15 mart 1963-cü ildə Bakı şəhərinin Qaradağ rayonu Əzizbəyov rayonu adlandırılır. 22 iyun 1964-cü ildə Qobu qəsəbəsi müstəqil kənd rayonu olan Abşeron rayonunun tərkibinə verilir.
Qobu qəbristanlığının yaxınlığında "Pil-pilə" deyilən şəfalı su çıxır. Qobuda "Qırx qızlar" piri var. Qayalar elə düzülüb ki, sankı qırx adam sıra ilə düzülüb.
Qobu-Lökbatan yolunda "Səfər körpüsü" deyilən yer var. Səfər adlı Qobulu sel sularını ötürmək üçün yolda körpü tikdirib. "Bakıda küləklər əsir", "Mən vulkana doğru gedirəm", "Qanun naminə" kimi filmlər məhz bu qəsəbədə çəkilib.
Kənddə qədim qəbiristanlıqdan aparılan bəzi daşlar İçəri Səhərdəki karvansarada saxlanılır. Qobuda hər kəsin yaxşı tanıdığı məşhur bir ev var-Kərbəlayı Qasımın evi. Bu həmin şəxsdir ki, 1918-ci ilin yayında Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa onun evini özünə qərargah kimi seçib.
Ordunun yüksək rütbəli məmurları evin ikinci mərtəbəsində, Kərbəlayı Qasım isə ailəsi ilə birgə birinci mərtəbədə yaşayıblar. İngilislərin nəzərindən yayınmaq üçün Nuru Paşa gecələr evdə çıraq, lampa yandırmağa icazə vermirmiş. Nuru Paşanın Qobuda yaşadığı müddətdə evin gəlinlərindən birinin körpəsi dünyaya gəlir.
Nuru Paşa aşağı mərtəbədəki səs-küyün səbəbini öyrənib, heç vaxt yandırmadığı lampalardan birini aşağı göndərir. Kərbəlayı Qasım Paşanın bu hərəkətinə təəccüblənir. Lampanı gətirən şəxs "Paşam dedi ki, qoy körpə gözlərini işıqlı dünyaya açsın"- deyir.
Bakı uğrunda həlledici döyüşlərə hazırlaşan Qafqaz Islam Ordusu bir müddət Qobu kəndində təlim keçib. 1918-ci ildə kənd erməni-daşnak qüvvələrinin köməyə çağırdığı ingilislərin hücumuna məruz qalıb. O vaxtlar xilaskar türk ordusu kəndlilərə köməyə çatana qədər kəndin say-seçmə kişiləri-Məşədi Hilalın, Qoçu Adilin rəhbərliyi altında daşnak-bolşevik, ingilis hərbi dəstələrinin qarşısını almağa müvəffəq olublar. Qoçu Adilin qəhrəmanlığından xəbər tutan Nuru Paşa ona silah bağışlayıb…
QOBU SAKİNLƏRİNƏ BÖYÜK HÖRMƏTLƏ, NAMİQ HƏSƏNOV
