Mircavad Axundzadə — həyatı və yaradıcılığı

Şrift
Mircavad Axundzadə — həyatı və yaradıcılığı

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Mircavad Axundzadə — həyatı və yaradıcılığı.

Mircavad Axundzadə 1909-cu ildə Bakının Maştağa qəsəbəsində doğulub. Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir nəfər alman bu uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib.

Atası Seyidhəsən Axundzadə qabaqcıl fikirli, mütərəqqi ziyalılardan olub. Babası Axund Mirhüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil alıb, bununla yanaşı tarix, coğrafiya və tibb kimi dünyəvi elmlərlə də yaxından maraqlanıb. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə dostluq edib.

Oğlu Seyidağa (Mircavadın atası) H. Z. Tağıyevin "Kaspi" mətbəəsində çalışıb, ara-sıra dövri mətbuatda məqalələri çap olunmuşdu.

O, 1918-ci ilin mart soyqırımlarını öz kiçik fotoaparatı ilə çəkərək ilk azərbaycanlı fotoqraf kimi tarixə düşüb. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Mircavad Axundzadə haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə "Ağ-qara dünya" sənədli filmi də çəkilib.

Rejissor Ş. Nəcəfzadə müsahibəsində deyib ki, filmin çəkilişinə təşəbbüs 1991-ci ildə “Yaddaş” sənədli filmlər studiyasından irəli sürülüb. “Bu mənim ilk sənədli filmim oldu.

Çəkilişlər Maştağada aparıldı. Biz filmi onun yaşadığı evdə çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi ilə yaşayırdı.

Film sanki yaxın keçmişimizə bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri fotolarla yanaşı, digər fotoqrafların da şəkilləri yer alıb. Filmdə həyatın müxtəlif anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən nəsillərə ötürən fotolar göstərilib.”Rejissorun sözlərinə görə, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü.

“Biz filmi çəkəndə çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı.” Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib.

Dünyadan köçəndən sonra, fotoqrafın evi satılanda arxivi köhnə evdə qalaraq itib… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗