Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Fariz Səfərov 20 iyun, 1920-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulub..
Fariz Səfərov 20 iyun, 1920-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində doğulub. Qəsəbədəki 6 nömrəli orta məktəbin 7-ci sinfini bitirdikdən sonra Bakı şəhəri, Biləcəri qəsəbəsindəki 5 nömrəli rus dilli məktəbin hazırlıq kursunu bitirib. Az bir müddət Kürdəmir rayonunda rus dili müəllimi işləyib. 1939-cu ildə hərbi xidmətə çağrılıb, Litvada, daha sonra isə Minsk şəhərində Hərbi Hava Qüvvələri hissəsində xidmət edib.
10 günlük məzuniyyətə gedən baş serjant Fariz Səfərov müharibə başladığından Minskdəki hərbi hissəyə geri dönməli olur, yolda onun getdiyi qatarı alman təyyarələri bombalayır, xeyli sayda insan ölsə də Səfərov Fariz sağ qalır və 416-cı Taqanroq diviziyasının hissələrindən birinə qoşulur. 1943-cü ildə Zaporojye ətrafında Qırmızı Ordu birləşmələri qanlı döyüşlərlə düşməni sıxışdıraraq Dnepr çayı sahillərinə yaxınlaşdığı vaxt baş serjant Səfərov gecənin qaranlığında bir qrup döyüşçü ilə birlikdə qayıqlarla düşmən yerləşdiyi sahilə yön alır. Sahilə yaxınlaşmağa 10–15 metr qalmış düşmən onların qayıqlarını görsə də sahilə çıxa bilirlər.
Ağır döyüşlərə baxmayaraq düşmən sahil zolağını yenidən ələ keçirə bilmir. Fariz Səfərovun rəhbərliyi altında əməliyyat müvəffəqiyyətlə tamamlanır. Alman Ordusuna məxsus xeyli döyüş sursatı, texnikası ələ keçirilir.
Tezliklə Sovet ordu hissələri Dnepr çayını keçərək hücuma başlayır. 19 mart 1944-cü ildə SSRİ Ali Sovetinin Qərarı ilə Səfərov Fariz Məcid oğlu Sovet İttifaqı Qəhrəmanı adı alır. Fariz Səfərov müharibədən sonra da ordudan ayrılmır, 1951-1954-cü illər aralığında M.
V. Frunze adına Hərbi Akademiyada təhsil alır və 1957-ci ildə mayor rütbəsində ehtiyata göndərilir. O, 27 avqust 1964-cü ildə vəfat edir və Fəxri Xiyabanda dəfn olunur.
Ləki qəsəbəsində Fariz Səfərovun ev muzeyi açılıb, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə ehtiram əlaməti olaraq guşə yaradılıb… P. S.
Fariz Səfərov sabiq Daxili İşlər naziri Arif Heydərovun xalası oğludur… ALLAH RƏHMƏT ELƏSİN!
