Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Tağı Şahbazi Simurq — həyatı və yaradıcılığı.
Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində doğulub. İbtidai təhsilini mollaxanada alıb. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirib.
Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verərək şəhadətnamə alib, onun əsasında həmin il Xarkov İmperator Universitetinin Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olub. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçib. 1914-cü ildə universitetin Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırıb. 1915-ci ildə Rusiya Sosial-Demokrat (Bolşevik) Fəhlə Partiyasının tələbə təşkilatına daxil olub.
1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışıb. 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olub. 1922–1923-cü illərdə Azərbaycan SSR xalq maarif komissarının müavini, 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalının redaktoru, 1923–1926-cı illərdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin katibi, 1926–1929-cu illərdə ADU-nun rektoru(indiki BDU, ilk azərbaycanlı rektor), 1930–1937-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə Komissarının müavini vəzifələrində çalışıb.
Bədii yaradıcılığa inqilabdan əvvəl başlayıb."Quşlar kimi azadə", "İyi aləm", "Südçü qız", "Şəkərli çoban", "Aclar" və s. hekayələrində istismar dünyası, dini fanatizm, xalqa yad "ziyalılar" tənqid olunur. Sovet dövrü əsərlərində yeni həyat quruculuğu, qadın azadlığı mövzuları əsas yer tutur.
Bunlar "Haqsızlıq dünyası", "Hacı Salman", "Ağanın kənizi", "Məşədi Qədimin evində bədbəxtlik", "Azadlıq üçün cinayət", "Zərifə", "Küləkli bir axşam" və s. hekayələrində öz əksini tapıb. 1932-ci ildə yazdığı "Düşmənlər" povesti kollektivləşmə dövründə kənddə gedən sinfi mübarizədən bəhs edir.
1937-ci ildə isə əks-inqibaçı, burjua millətçi kimi həbs edilib, 1938-ci ildə 15 dəqiqə davam edən məhkəmədə T. Şahbaziyə ölüm hökmü çıxarılıb. Bakıdakı küçələrdən biri onun adını daşıyır…
RUHU ŞAD OLSUN!
