Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səkinə Abbas qızı Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvan şəhərində doğulub. 1945-ci ildə N….
Səkinə Abbas qızı Əliyeva 15 aprel 1925-ci ildə Naxçıvan şəhərində doğulub. 1945-ci ildə Naxçıvan Müəllimlər İnistitutunda təhsilini başa vurub. 1951–1958-ci illərdə Azərbaycan Dövlət Universitetində Filologiya fakültəsində təhsil alıb. Babək rayonunun Qahab kəndində müəllim işləyib.
O, Ali Partiya Məktəbini də bitirib. 1945-ci ildən 1951-ci ilə qədər Statistika Komitəsində çalışıb. 1951–1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində işləyib. 1958–1961-ci illərdə Naxçıvan MSSR maarif naziri olub. 1961-ci ildə Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin katibi vəzifəsinə təyin edilib. 1958-ci ildən başlayaraq Naxçıvan MSSR Ali Sovetinin deputatı, 1963-cü ildən 1990-cı ilin mart ayınadək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti Sədrinin müavini vəzifələrində işləyib. Səkinə Əliyevanı SSRİ-də, o cümlədən, bütün dünyada məşhurlaşdıran hadisə isə onun Naxçıvan MSSR-in SSRİ-dən çıxması barədə qərar verən Ali Sovetin fövqəladə sessiyasını toplaması hadisəsi olub.
SSRİ-də Qorbaçov hakimiyyətə gəldikdən sonra İttifaqın müxtəlif regionlarında etnik toqquşmalar və separatçı hərəkatlar baş qaldırmağa başladı. Belə regionlardan biri də Azərbaycan idi. Dağlıq Qarabağda erməni separatizminə qarşı lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlamışdı.
Azərbaycan SSR-nin I katibi Əbdürrəhman Vəzirov və SSRİ-nin yüksək vəzifəli şəxslərinin Naxçıvana səfərindən sonra da yaxşıya doğru heç nə düzəlmədi. 1990-cı ildə Naxçıvanın Kərki kəndinin SSRİ əsgərlərinin yardımı ilə erməni terrorçu qrupları tərəfindən işğalından sonra Səkinə Əliyeva tərəfindən Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyasının çağırılması qərara alındı. Sessiyanın qanuni olması üçün deputatların ən az yarısınan çoxu, yəni 50% + 1 lazım idi. Lakin, çətinliklə də olsa, alındı və Ali Sovetin fövqəladə sessiyası qərar qəbul etdi: "SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən, Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən; Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından; Ermənistan SSR tərəfindən edilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından; Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan: Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır: 1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin. 3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun. 4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıarılsın.
5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun. 6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri: Səkinə Əliyeva Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Katibi: Həsən Xəlilov Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il.
Səkinə Əliyeva Naxçıvanda erməni təcavüzünə qarşı xalq mübarizəsinin təşkilatçılarından biri olub. 1990-cı ilin mart ayında vəzifəsindən kənarlaşdırılıb. 1990-cı ildən sonra siyasətlə məşğul olmayıb. 6 oktyabr, 2010-cu ildə Bakı şəhərində 85 yaşında vəfat edib… RUHU ŞAD OLSUN!
