Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar!.
Dəyərli dostlar! Daimi izləyicilərimizdən biri vaxtilə AXC-nin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun ailəsinin başına gətirilən müsibətlərdən yazmağı xahiş edib. Onun istəyini nəzərə alaraq bu qısa məlumatı sizinlə bölüşürük.
Səməd bəy Mehmandarov 1844-cü ildə Lənkəranda doğulub. O, Kiyev zadəganlarından olan Yelizaveta Nikolayevna Teslavla ailə həyatı qurub, lakin cütlüyün uzun müddət övladı olmayıb. 1908-ci il, noyabrın 18-də Mehmandarovun bir oğlu dünyaya gəlib. Mehmandarov oğlunun adını Pir qoymuşdu.
Hərb tarixçisi Şəmistan Nəzirli vaxtilə Pir (sonradan İqor adını alib) Mehmandarov ilə Bakıda görüşüb. Məlum olub ki, İqor və anası Yelizaveta Nikolayevna 1930-cu illərin əvvəllərindən sistemli şəkildə Sovet İttifaqı tərəfindən təzyiqə məruz qalıb. Ailə 1930-cu ildə Sankt-Peterburqa köçməyə məcbur olsa da, burada polis və gizli polisin təzyiqlərinə məruz qalırlar. 1937-ci ildə Saratova, 1941-ci ildə isə Sibirə sürgün edilirlər.
Sibirə sürgünə gedərkən Yelizaveta Mehmandarova almanlar tərəfindən partladilan qatarda vəfat edir. Sürgündən sonra İqor uzun müddət Kalininqradda yaşayır və 1977-ci ildə Azərbaycan rəhbərliyinin dəvəti ilə Bakıya dəvət edilir və burada yaşamağa başlayır. Azərbaycan müstəqil olduqdan sonra həm İqor, həm də anası üçün Sankt-Peterburq və Saratov prokurorluğu ilə əlaqə saxlanılıb və onlara rəsmi sənəd alınıb.
İqor Mehmandarovu Bakıya dəvət edən Heydər Əliyev ailənin yaşaması üçün onlara mənzil də vermişdi. Səməd bəyin yeganə övladı olan İqor ilə həyat yoldaşı İza Polaginanın övladı olmayıb. İqor 1989-cu ildə vəfat edib və Yasamal qəbirstanlığında dəfn edilib.
General-mayor İvan Kulaqinin qızı olan İza isə Şəmistan Nəzirlinin 2017-ci ildə verdiyi məlumata görə sağ idi. Sonrakı taleyi barədə dəqiq məlumat yoxdur. Onun atası İvan Kulaqin Aprel işğalını həyata keçirən XI Qızıl Ordunun tərkibində olub, Birinci Dünya müharibəsi zamanı 35-ci Lozovski atıcı diviziyasına komandanlıq edib, müharibə bitdikdən sonra isə Sovet Azərbaycanında xidmət edib…
