Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Məhəmməd Paşa oğlu Ağarəhimov — həyatı və yaradıcılığı.
Məhəmməd Paşa oğlu Ağarəhimov 1899-cu il, aprelin 10-da Tiflisdə doğulub. Tiflis gimnaziyasında və Bakı Dövlət Universitetində təhsil alıb. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il sentyabrın 1-də ali təhsilli mütəxəssis kadrların hazırlanması məqsədilə 1919–1920-ci tədris ilində 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul etdi.
Qərarın icrası üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edildi. Məhəmməd bəy Bakı Dövlət Universitetindəki təhsilini yarıda saxlayıb və xaricdə təhsil almaq üçün müraciət edib.
Onun müraciəti qəbul olunub və o da ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri olub. Həmin tələbələrin ilk hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıblar. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb.
Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıblar. Məhəmməd bəy Almaniyaya gedib.
Əvvəlcə Berlində, daha sonra isə Darmştadt Texniki Universitetində maşınqayırma fakültəsində təhsil alıb. 1926-cı ildə təhsilini başa vurub. Almaniyada təhsil aldığı dövrdə soyadını dəyişərək "Rəhimli" edib. Təhsilini bitirdikdən sonra, 1926-cı ildə Azərbaycan SSR-yə qayıdıb.
Elə həmin ildən etibarən Bakıda yerləşən "Leytenant Şmidt adına zavod"da konstruktor vəzifəsində işləməyə başlayıb. 1928-ci ildə "Azəryolnəqliyyat" trestində mexanika bazasının rəisi, 1936-cı ildə "Azərdəzgahqayırma" zavodunda baş mühəndis vəzifəsinə təyinat alıb. 1940-cı ildə isə Fiziki cihazlar zavodunda baş mühəndis işləməyə başlayıb. 1941-ci il iyulun 8-də əks-inqilabi fəaliyyət göstərməkdə ittiham olunaraq XDİK tərəfindən həbs olunub. İttihamları qəbul etməsə də 1941-ci il dekabrın 27-də onu casusluqda ittiham edərək 15 il müddətinə islah əmək düşərgəsinə məhkum ediblər. 1942-ci il yanvarın 27-də Şimali Ural düşərgələrinə göndərilib.
1955-ci ildə Bakıya qayıdıb. 1956-cı ildə bəraət alıb. Bəraət aldıqdan sonra avtobaza rəisi təyin olunub. Daha sonra isə müxtəlif illərdə Bakı Baş Tikinti İdarəsinin rəis müavini və Bakı Tikinti İdarəsi Trestində avtomobil ekspedisiyasının rəisi olub.
Onu da qeyd edək ki, Məhəmməd Rəhimli Paşa Sadıq oğlu Ağarəhimov və Əsmət Şıxrəhim qızının ailəsində anadan olub. Onların bu evlilikdən Fatma, Düriyyə, Nisə və Məhəmməd adlı övladları dünyaya gəlib. Paşa Ağarəhimov 1935-ci ildə, Əsmət Şıxrəhim qızı isə 1934-cü ildə vəfat edib.
Bacılarından biri Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri Səmədağa Ağamalıoğlu ilə, ikincisi isə Qazax Rayon İcraiyyə Komitəsinin sədri Məhəmmədzaman Xasayevlə evli olub. Məhəmməd Rəhimli ailə qurmayıb. O, 1986-cı ildə Bakıda vəfat edib…
RUHU ŞAD OLSUN!
