Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyi ilə Səfəvilər dövlətinin sonuncu şahı….
Dəyərli dostlar, izləyicilərimizdən birinin istəyi ilə Səfəvilər dövlətinin sonuncu şahı III Abbasın qətli ilə bağlı hadisənin təfərrüatlarını sizə təqdim edirik. Əvvəlcə qeyd edək ki, Abbas Mirzə 1732-ci ilin yanvarında Xorasan ostanında doğulub. 1732-ci ilin avqustunda Nadir xan Əfşar Xorasandakı qiyamı yatırdıqdan sonra öz tərəfdarları olan əyanların köməyi ilə Səfəvilər İmperiyasının hökmdarı Şah II Təhmasibi hakimiyyətdən devirərək, 4 aylıq Abbas Mirzəni (bəzi mənbələrdə 8 aylıq) hakimiyyətə gətirir.
II Təhmasib isə Nadir xan tərəfindən Xorasanın Səbzivar şəhərində həbs edilir. 7 sentyabr 1732-ci ildə Abbas Mirzə III Şah Abbas adı ilə nominal şah elan edilir, tacqoyma mərasimi keçirilir və dövləti onun adından Səfəvi ordusunun baş komandanı Nadir xan idarə etməyə başlayır. 21 mart 1736-cı ildə Nadir xan Suqovuşanda özünü şah elan edir və III Abbası Səbzivar şəhərinə atası II Təhmasibin yanına həbsə göndərir. Bir müddət sonra Nadir şah oğlu Rzaqulu xan Əfşarı naibus-səltənə təyin edərək Əfqanıstan və Hindistana yürüşə gedir. İraqda şayiə yayılır ki, Hindistanda Əfşar ordusuna qorxulu xəstəlik düşüb və Nadir şah özü də həlak olub.
Sonradan İranda olan hindlilər tərəfindən xalq arasında vahimə yaratmaq üçün bu cür şayilər yayır. Həmin ilin axırlarında Nadir şahın ölüm xəbəri daha da genişlənir. Rzaqulu xanın yaxın adamlarından biri olan Məhəmməd Hüseyn xan Qacar onu təhrik edir ki, ehtiyatla hakimiyyətə ən əsas namizədlərdən olan II Təhmasib və iki oğlunu öldürsün.
Ona görə ki, Nadirin ölümü doğru olsa, Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu surətlə ölkənin hər yerinə yayıla bilər ki, bunun da nəticəsi naibüs-səltənə üçün qorxulu ola bilər. Bəzi dövlət adamları, o cümlədən, Rəhim sultan Mərvi Məhəmməd Hüseyn xanın dediklərini təsdiq edir. Rzaqulu mirzə iki gündən sonra sabiq Səfəvi şahı II Təhmasib və iki oğlunu öldürməyi qərara alır və Məhəmməd Hüseyn xanı bu işi yerinə yetirmək üçün Səbzivara göndərir.
Məhəmməd Hüseyn xan, II Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi II Təhmasib hadisəni ailəsinə bildirir. Ailə nalə çəkməyə və ağlaşmağa başlayır. Məhəmməd Hüseyn xan içəri girib gətirdiyi iplə II Təhmasibi boğur.
Təhmasibin 8 yaşlı oğlu III Abbas ozünü atasının cənazəsinin üstünə atır. Məhəmməd Hüseyn xan onu da boğur. İkinci oğlu İsmayıl Mirzəni quyuya atır.
Bir şəxs isə onu quyudan çıxarır. İsmayıl Mirzə gəlib özünü ata və qardaşının cənazəsi üstünə atır. Məhəmməd Hüseyn xan İsmayıl Mirzənin başını kəsir.
Bu hadisə Səbzivarda böyük dəhşətə səbəb olur. Əhali bir neçə gün matəm saxlayır, sonra öldürülənlərin üçünün də cənazəsi Məşhədə aparılır və orada dəfn edilir. Məhcur Şirvaninin "Qisseyi-Şirzad" əsərindəki hadisələr dövrün siyasi hadisələri ilə uyğun gəlir.
O dövrdə III Abbasın ölümündə Nadir şahın əlinin olması ilə bağlı şayiələr var idi. Ehtimal edilir ki, əsərdəki Kamil vəzir obrazı ilə Şirvani Nadir şahın mənfi imicini yaratmağa çalışıb…
