XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin…

Şrift
XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin…

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin….

XIX əsrin sonları-XX əsrin əvvəllərində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirən "Qasımov qardaşları və K" şirkətinin sahibləri Qasımov qardaşlarıdır. Onlar tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilib. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər.

Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Böyük qardaş Hacı Qasımov 1867-ci ildə doğulub. Bakıya gələrək xarratlıqla məşğul olub.

O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tikinti işlərini yerinə yetirən şirkət yaradır. Şirkət tikinti materiallarının alınması və çatdırılması, tikinti işlərinin aparılması, fasadların bədii tərtibatı və digər öhdəlikləri üzərinə götürürdü.

Daha sonra qardaşlar Bakıda parket zavodu açıblar. Ortancıl qardaş Əli Qasımov 1873-cü ildə anadan olub. Qardaşları arasında öz ciddiliyi və sakitliyi ilə fərqlənib.

Şirkətdə maliyyə işlərinə nəzarət onun vəzifəsi olub. Kiçik qardaş İmran Qasımov şirkətin işlərində uğurlu olmaqla yanaşı incəsənətə və teatra da böyük maraq göstərirdi. O, həm də Azərbaycanın ilk aktyorlarından biridir.

1907-ci ildə "Leyli və Məcnun" operasının məşqləri Üzeyir Hacıbəyovun yaxın dostu İmran Qasımovun təklifi ilə Qasımovların evinin üçüncü mərtəbəsindəki geniş zalda keçirilirdi. 25 yanvar 1908-ci ildə opera ilk dəfə səhnəyə qoyulanda İmran Qasımov burada iki rolu oynayır. "Kəngərlinski" ləqəbi ilə çıxış edən İ. Qasımov, həm Leylinin atası-Fəttah, həm də Məcnunun dostu-Zeyd rollarını ifa edir.

Azərbaycan, rus və fransız dillərini bilib. O, xeyriyyəçi kimi bir çox aktyorların ailəsinə də maddi kömək edirdi. İstiqlaliyyət və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən şəhərdə tanınan kitab mağazalarından biri yandıqdan sonra İmran Qasımov həmin mağazanın təmirini öz üstünə götürərək ora bəzi qiymətli kitabları da alır. 1914-cü ildə Səadət Sarayının podratçısı İmran Qasımov tikilməkdə olan binanın eyvanındakı cəngavər heykəlini yerləşdirərkən yerə yıxılır və vəfat edir.

Onun həyat yoldaşı Rübabə xanım isə bu hadisəyə dözə bilməyib 2 həftədən sonra özünə qəsd edir. 25 noyabr 1918-ci ildə böyük qardaş Hacı Qasımovun nəvəsi dünyaya gəlir. O isə dünyasını dəyişmiş qardaşının xatirəsini əbədiləşdirmək üçün ona İmran adını verir.

Sonradan Hacı Qasımovun nəvəsi İmran Qasımov dramaturq, kinossenarist, Azərbaycan SSR xalq yazıçısı, Azərbaycan SSR dövlət mükafatı və "Lenin" ordeni laureatı olur. 1908–1910-cu illərdə onlar Musa Nağıyevə məxsus 7 gəlir evi və mülkün tikintisi ilə məşğul olublar. Nağıyevin binalarını tikməklə yanaşı eyni dövrdə onlar özləri üçün Bakı Texniki Peşə Məktəbinin qarşısında bir bina tikirlər. Binanın birinci mərtəbəsində Qasımov qardaşlarına məxsus Bakının ən böyük tikinti mağazalarından biri yerləşib.

Qardaşlar Bakı Real Məktəbinin tikintisinə də dəstək olublar. Binanın tikintisi Şəhər Dumasının maliyyə çatışmazlığına görə uzanırdı, buna görə də tikintini Bakı milyonçuları öz üzərlərinə götürürlər. Azərbaycanın XI ordu tərəfindən işğalından sonra qardaşların əmlakları müsadirə edilir, özləri isə həbs olunurlar.

Həbs müddəti uzun çəkmir və onlar bir neçə günə azad edilirlər. Sonradan Hacı Qasımov "Azneft"-də iş icraçısı kimi fəaliyyət göstərib və onun rəhbərliyi ilə Bakıda bir çox evlər, o cümlədən Dövlət Bankının işçilərinin evi də tikilib. Ortancıl qardaş Əli Qasımov isə Bərdə-Xankəndi yolunun tikintisinə rəhbərlik edib.

Yeni iqtisadi siyasət dövründə qardaşlar döşəmə daşları istehsal edən kiçik zavod açıblar. Bu paylaşım onların fəaliyyətinin kiçik bir hissəsidir. Sizin rəylərinizi gözləyik….

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim. Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗